Köşə yazıları

Alqış, yoxsa qarğış?

Bu dünyada hərəmiz Tanrı tərəfindən qismətimizə düşən bir ömür payı yaşayırıq. Kimi az yaşayır, kimi çox yaşayır, kimi ona verilən ömür payına az baxır, kimi çox…

İnsan ömrünün uzunluğunu isə yaşanmış illərin sayı ilə deyil, onun mənası ilə, əməlləri ilə ölçmək lazımdır. Yaşadığın bu həyatda etdiyin səhvlər və ya bilmədən buraxdığın "quşlar" sonradan səni el-aləm içrə ya rüsvay edər, ya da elə rüsvay.

Yalnız səhvlərinə qazandıracağın bəraət səni ya xilas edər, ya da batmaqda olan gəmini daha da batırar. 

Bir neçə gün öncə səhvlərin siğorta edildiyi, illərcə çəkdirilən "zülmün" bərpa günü idi. Bəli, söhbət millimizin azarkeşləri son oyunlarda topladığı xallarla aldatmasından gedir.

Məsələ Foqts olunca yazmağa, deməyə hər söz tapılır. Ancaq mən Foqtsun illərcə danışılan, yazılan nəticələrindən yox, başqa bir məqama toxunmaq istəyirəm. 

Foqts Şimali İrlandiya ilə oyundan sonra mətbuat konfransına alqışlarla daxil olur. İlk öncə qeyd edim ki, hələ bizdə alqışa layiq baş məşqçi yoxdu (istisnalar ola bilər).  

Və dediyim məsələ…

"Bəh-bəh, yol verin qudam gəlir, ən əziz adam gəlir" – sədaları altında "qəhraman" Foqts mətbuat konfransına gəlir. Bu zaman alqışlar şaqqa-şarakla eşidilir. Nəymiş, millimiz qalib gəlibmiş, udubmuş. Yox dostum, yox. Bu milliyə, hələm-hələm bu baş məşqçiyə heç  alqış, uraaa düşmür. Ordakı azarkeşlərə, bütün xalqa görə yox, cənab prezidentimizə seçkilərdə qazandığı "qələbəyə", AFFA başçısının vəd etdiyi minlərlə AZN-ə gələn gələn 3 xal. 

Qələbənin gətirdiyi sevinc, xoşbəxtlik Foqtsun simasında ikən həmkralarımızdan biri – Elçin Cəlilov yenə söz "boğça"sından bir sual verir – "Mən sizə 3 il əvvəl aftafa və tualet kağızı vermiş jurnalistəm, bugünsə o gündən fərqlidi, təbrik edirəm sizi. Yığmanın oyununda taktiki üstünlük görünmürdü, Əfranı niyə oynatmadız, sağ cinah daha da hərəkətli olardı…".

Və bu da qoca almanın cavabı – Almaniyada sənin kimi jurnalisti stadiona buraxmazdılar… hanı aftafan? 

Bu zaman zaldakı bəzi həmkarlarımız lətifəyə qulaq asırmış kimi gülüşürlər. Kimə və nəyə gülürsüz? 

Gülməli vəziyyətdə olan bizlərik, Foqts deyil. Bəli, sadəcə bir mənada razıyam, alqışlanası adam idi Foqts. İllərcə ölkəmizdə heç nə yox imiş kimi qazandıqlarını nə ki özü, sülaləsi, yeddi arxa dönənəni ömrünün axırına kimi yesə, yenə bitməz. Bax, bu fərasət, "xamlamaq" Foqtsun üstün cəhətlərindəndi və alqışlanasıdı.

Odur ki, alqış deyil, qarğış sahibidi Foqts.

Öncədən də qeyd etdiyim kimi, insan ömrünün uzunluğunu isə yaşanmış illərin sayı ilə deyil, onun mənası ilə, əməlləri ilə ölçmək lazımdır.

Səxavət QURBANOV

 

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43