“Neftçi”nin qapıçısı Aqil Məmmədov “Qəbələ”yə qarşı keçirdikləri oyundan (0:1) sonra İdmanxeber.com-a müsahibə verib.
– Son dəqiqə qolu ilə məğlub oldunuz. Matçla bağlı nə deyə bilərsiniz?
– “Qəbələ” güclü komandadır, yaxşı heyəti var. Bəhanə axtarmaq fikrim yoxdur, kimin təcrübəsiz, kimin təcrübəli olduğunu da demək istəmirəm. Pis oynadığımızı deməzdim. Görüşü heç-heçə başa vura bilərdik. Rəqib kimi, bizim də qol vurmaq üçün bir neçə şansımız oldu. Son dəqiqələrdə buraxdığımız qolla məğlub olduq. Üzücüdür.
– “Qəbələ” son 20-25 dəqiqədə sizdən fərqli, çox fəal idi…
– Onlar təzyiqi artırmağa başladılar, biz isə müdafiəyə çəkilməyə məcbur olduq. Uşaqların bəzisi yorulmuşdu.
– Səbəb nə idi?
– Ola bilsin ki, yorğunluq var idi. Hücum xəttində problemlərimiz var. Komandada “Neftçi”yə lazım olan keyfiyyətdə hücumçu yoxdur.
– Qol buraxdığınız epizodda topu dəf etməyinizə nə mane oldu?
– Həmin anda top bir neçə dəfə istiqamət dəyişdi. Ona görə də mən yaxın məsafədən vurulan zərbə zamanı topu itirdim, görə bilmədim.
– Oyundan sonra çox emosional görünürdünüz. Bu, nə ilə bağlı idi?
– Son dəqiqələrdə qol buraxıb, məğlub olursansa, bu, insana istər-istəməz təsir edir. Həm də bu qədər əziyyətimizdən sonra.
– Azarkeşlər oyundan sonra çox aqressiv idilər. Onlar hətta məğlubiyyətə görə ayrı-ayrı futbolçuları günahlandırırdılar…
– Kənardan azarkeşlərə hər şey daha aydın görünür.
– Bu məğlubiyyətsən sonra “Kəpəz” sizi turnir cədvəlində qabaqladı…
– Çempionatda hələ mübarizə yenicə qızışır. Çox oyunumuz olacaq. Həmin oyunlarda turnir cədvəlinin üst pillələrinə çıxmaq şansımız var. Yaxşı transferlər edə bilsək, vəziyyəti yaxşıya doğru dəyişə bilərik.
– Sizcə, komandaya yeni transferlər lazımdır?
– Samir Əliyev meydana kimi buraxsın? Hamısı gənc futbolçulardır. Təcrübəlilərin də hamısı meydanda idi. Nəyisə dəyişmək üçün gərək ehtiyatda da təcrübəli futbolçun olsun.