Ölkə futbolu

“Araz Naxçıvan” rəhbərliyi niyə gizlənir?

Mövsümə sürpriz nəticələrlə başlayan “Araz Naxçıvan” hazırda 8-ci pillədədir. Çempionatın əvvəlində toplanan xallar hələlik komandanı təhlükəli bölgədən uzaq saxlayıb. Amma gedişat Naxçıvan klubu üçün arzuolunmaz nəticələrə çıxara bilər.

Tələm-tələsik qurulan heyətlə yaxşı başlanğıc üzüaşağı enişdədir. Mövsümün sonlarına yaxın çətinləşəcək yarışda komandanın toparlanıb-toparlanmayacağı da maraq doğurur.

“Araz Naxçıvan”da problem yalnız meydanın daxilində deyil. Ümumiyyətlə, klub rəhbərliyinin pərdə arxasında qalması, sakit və ya gözdən uzaq mövqe seçməsi anlaşılmazdır. 

Çempionatın startında ildırım sürəti ilə yığılan heyətin ardından qış transfer pəncərəsi “səssiz” yola verildi. Halbuki yeni futbolçulara ehtiyac var idi. 

Digər ciddi məsələlərdən biri Naxçıvan təmsilçisinin evdən uzaq olmasıdır ki, bu barədə klub rəhbərliyindən mövqe öyrənə bilmirik. Dəfələrlə klubun icracı direktoru ilə əlaqə saxlamaq istəsək də, qarşı tərəfdən cavab gəlmir.

Sakitliyə bürünən “Araz Naxçıvan” rəhbərliyinin qeyri-müəyyən idarəedicilik sistemi xeyirə əlamət deyil. “Keşlə” modelinin xatırlanması irəliyə ümidsizlik yaradır.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43