11 Noyabr 2024
Kateqoriyasız

“Araz Naxçıvan”ın prezidenti Əsgər Abdullayevə “yox” dedi

Məlum olduğu kimi, ötən gün Topaz Premyer Liqasının 7-ci turunda “Araz Naxçıvan” səfərdə “Bakı”nın qonağı oldu. 

İdmanxeber.com-un məlumatına görə, gərgin keçən görüş meydan sahiblərinin qələbəsi ilə başa çatdı – 2:1.

Görüşdən sonra stadiona toplaşmış azarkeşlər komandanın baş məşqçisi Əsgər Abdullayevi istefaya səsləyiblər. Keçirilən mətbuat konfransında Abdullayev rəhbərliklə danışdıqdan sonra istefa verəcəyini açıqlayıb. Artıq baş məşqçi istefa verməsi barədə klub rəhbərliyi ilə danışıb. Lakin klub rəhbərliyi bu istefanı qəbul etməyib və baş məşqçi öz postunda qalıb. Bu barədə “Araz Naxçıvan”ın prezidenti Orxan Cabbarov klubun rəsmi saytına açıqlamasında bəyan edib:

“Əsgər Abdullayevi istefaya səsləyən azarkeşlərə sözüm var: Naxçıvanda futbol olmayanda harada idiz? İndi baş məşqçini istefaya səsləyirsiz. Əsgər müəllim birinci divizionda komanda ilə nailiyyət qazananda hamınız onu alqışlayırdız. Bu gün keçirilən oyunun 88-ci dəqiqəsinə kimi harada idiz? Günahı baş məşqçidə axtarmaq lazım deyil, sadəcə, komandaya dəstək olmaq lazımdı, necə ki, ötən mövsüm dəstək olmusuz. Əsgər Abdullayev komandanın başına gətiriləndə heç bir azarkeşdən məsləhət alınmayıb, indi də istefaya göndərəndə onların sözü önəmli hesab edilsin. Komandaya dəstək olan hər bir azarkeşimizə xüsusi hörmətimiz var. Əsgər Abdullayevin istefa fikri klub rəhbərliyi tərəfindən qəbul edilmədi və o, müqaviləsi başa çatana kimi “Araz Naxçıvan”da baş məşqçi kimi fəaliyyət göstərəcək. Hətta onunla olan müqaviləmizi uzatmaq fikrindəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43