Müsahibə

“Araz-Naxçıvan”ın vitse-kapitanı etiraf etdi: “Paytaxtdan fərqli olaraq bu gün bölgələrdə futbola maraq daha çoxdur”

“Lokomotiv”i məğlubiyyətə uğratmaqla xal sayını 19-a çatdıran “Araz-Naxçıvan” liderliyini davam etdirir. Bu gün baş tutan matçda komandanı kapitan kimi meydana çıxaran Cavid Həsənovu sorğu-suala tuturuq. Səmimiyyəti ilə də lider olan vitse-kapitan suallarımızı cavablandırır.

– Əvvəla bu gün qazanılan qələbə münasibətilə sizləri təbrik edirik.

– Çox sağ olun. Mən də oyuna təşrif buyuran azarkeşlərimizə, qələbəmizə görə sevinən hər kəsə minnətdarlıq edirəm.

– Emin İmaməliyevin yoxluğunda artıq 2 dəfə komandanı kapitan kimi meydana çıxarmısan. Çətin deyil ki?

– Çətindir. Çətin olduğu qədər də məsuliyyətlidir. Ən çox bu məsuliyyəti öz üzərimdə bu gün hiss etdim. Çünki yerli azarkeşlər önündə kapitan kimi meydana çıxmaq məndən daha çox məsuliyyət tələb edirdi. Bu həm də çox qürurverici idi.

– Oyunun ən yaxşılarından idin, bəlkə bu həm də kapitan olmağından irəli gəlirdi?

– Yox belə deməzdim. Mən hər məşqdə çalışıram ki, “artırım” və bunu oyun zamanı öz oyunumla göstərə bilim. Həmçinin rəhbərlik, məşqçilər korpusuna minnətdarlıq edirəm ki, onlar mənə inanırlar. Çalışacağım ki, onların inamını hər zaman doğruldum.

– Artıq 2 həftədir ki, komanda lider olaraq turnir cədvəlinə başçılıq edir. Bunu qorumaq çətindir. Necə fikirləşirsən, bunu bacaracaqsınız?

– Təqvimə baxanda çətin oyunlarımız hələ qarşıdadır. Amma biz bütün rəqiblərə fərq qoymur, hamısına eyni gözlə baxırıq. Düşünürəm ki, kollektivimiz bu çətinlikləri aşmaq gücdədir. Bizim məqsədimiz liderliyimizi qoruyub saxlamaqdır.

– Cavid, oktyabrın 30-da Azərbaycan Kubokunun 1/16 finalında evdə “Ağsu” ilə, noyabrın 3-də isə birinci divizionun oyunları çərçivəsində Qusarda “Şahdağ”ın qonağı olacaqsınız. Çətin olmayacaq ki?

– Rəhbərlik tərəfindən qarşımıza qoyulan məqsəd təkcə çempionat yox, həm də kubok oyunudur. Çalışacağıq ki, kubokda keçə biləcəyimiz qədər mərhələyə adlaya bilək. Amma çempionatda hədəfimiz dəyişməz qalır, yalnız və yalnız lider olmaq.

– Cavid, oktyabrın 23-də Naxçıvanda Super Kubok matçı baş tutdu. Əzəli rəqiblər, “Xəzər-Lənkəran” və “Neftçi” Naxçıvanda üz-üzə gəldilər. Oyunu stadiondan canlı izləyirdin. Necə təsir bağışladı?

– Bəli, oyunu komanda olaraq stadiondan canlı izlədik. Belə matçların Naxçıvanda baş tutması bizim də ürəyimizcə oldu. Super Kubokun Naxçıvana salınması çox təqdirəlayiq və alqışlanası bir hal idi. İnşallah, zaman gələcək ki, Super Kuboku Naxçıvana gətirəcəyik.

– Həmin oyundan nə isə “oğurlamaq” mümkün oldu?

– Komandamızda kifayət qədər premyer liqa təcrübəsi – Emin İmaməliyev, Bəxtiyar Soltanov, Eşqin Quliyev kimi futbolcular var. Bunun özü elə bizə bir təcrübədir.

– Artıq 7 tur geridə qalıb. Ev oyunlarında ən çox azarkeş sayı “Araz-Naxçıvan”a məxsusdur. Bu nədən irəli gəlir?

– Bildiyimiz kimi uzun müddətdir ki, Naxçıvanda böyük futbol yox idi. Buna baxmayaraq Naxçıvanda yerli çempionat keçirilirdi. Gəlin etiraf edək ki, paytaxtdan fərqli olaraq bu gün bölgələrdə futbola maraq daha çoxdur. Biz çalışırıq ki, gözəl oyunumuzla azarkeşləri stadiona cəlb edək. İnanıram ki, bu belə də olacaq.

Həmçinin bu gün Naxçıvanda futbola qayğı var. Bunu futbol anlayışı olan hər kəs görür. O diqqət və qayğının nəticəsində biz oyunlarımızı elə səviyyəyə yüksəltməliyik ki, stadionumuz tam dolsun.

– Azarkeşlərə sözün varmı?

– Futbol azarkeşlər üçün oynanılır. Mən öz adımdan, kollektivimiz adından bizə dəstək olan bütün azarkeşlərimizə minnətdarlıq edirəm. Onları hər zaman “Araz-Naxçıvan”a dəstək olmağa çağırıram.

Söhbətləşdi: Emin


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43