16 Sentyabr 2024
Ölkə futbolu

“Arsenal”ın sabiq üzvü “Neftçi”də – RƏSMİ

“Neftçi” yeni mövsümdə dördüncü transferini reallaşdırıb.

Almaniyalı müdafiəçi Robert Bauer artıq bu komandanın üzvüdür.

23 nömrəli formanı geyinəcək 29 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Dörd fərqli mövqedə – müdafiənin hər iki cinahında, mərkəzində və orta xətdə oynamağı bacaran Bauer yüksək sürətə və texnikaya malikdir. Almaniyada “İnqolştadt”, “Verder”, “Nürnberq” klublarında çıxış etmiş futbolçu Bundesliqada 100-ə yaxın oyun keçirib, 2-ci Bundesliqanın çempionu olub. Bundan əlavə, Rusiya Premyer Liqasında “Arsenal” (Tula) və Belçikada “Sent-Trüyden” klublarının formasını geyinmiş Robert son mövsümü bir çox ulduz futbolçuların çıxış etdiyi Səudiyyə Ərəbistanı Pro Liqasında mübarizə aparan “Əl-Tai”də keçirib. O, 13 dəfə şərəfini qoruduğu Almaniya U-20 milli komandası ilə 2016-cı ildə dünya çempionatının 1/4 finalına yüksəlib və Olimpiya Oyunlarında gümüş medal qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43