Azərbaycan millisinin sabiq hücumçusu Rauf Əliyev İdmanxeber.az saytına müsahibə verib. O, yığmamızın AVRO-2024 seçmə mərhələsi çərçivəsində keçirdiyi Belçika görüşü və ümumən komandamızın qrupdakı performansından danışıb:
– Millimiz Belçika ilə görüşdə məğlub olsa da, pis mübarizə aparmadı. Oyun barədə nə deyə bilərsən?
Komanda pis çıxış etmədi. Millinin oyunu barədə çox şey deyə bilərik. Yığmamızın qrup mərhələsindəki ən yaxşı çıxışı idi. Bu barədə kifayət qədər yazılıb, danışılıb. Amma əsas nəticədir. Yaxşı oyun hər seçmə mərhələdə 1-2 dəfə olur. Ancaq bunun nə mənası var? Vacib olan nəticə qazanmaqdır.
– 4 oyundan sonra qrupda cəmi bir xalımız var. Bu nə qədər gözlənilən idi?
Millimiz həmişə çətin qrupda yer alır. Daha çox xal yığmaq məqsədi qoyulsa da, hələlik bacara bilmirik. Estoniya ilə görüşdə qələbə gözlədik, amma olmadı. İsveçlə matçda bəlkə də evdə xal qazanmaq olar. Bunu da qarşıdakı oyunlarda görəcəyik. Açığı, deməyə çox söz yoxdur. Milli nəticə olaraq istədiyimiz səviyyədə deyil.
– Hazırkı heyəti tarixin ən yaxşısı adlandıranlar var. Razısan bu fikirlə?
Bu gün yığmanın heyətindəki əksər futbolçular legioner həyatı yaşayır. Ola bilsin bu səbəbdən belə fikirlər səslənir. Ancaq heç razı deyiləm. Ən yaxşı heyət xal qazanmalıdır, nəticə göstərməlidir. Əvvəllər də millimiz böyük ölkələrin komandalarından xal ala bilirdi, ara-sıra oyun göstərirdi. Bunlar daha öncə də baş verib. Tarixin ən yaxşı komandası ona deyərəm ki, heç vaxt olmamış qədər xallar qazansın. Legioner həyatı yaşayan futbolçu çoxdursa, o demək deyil ki, ən yaxşı heyət indidir. Əsas nəticədir, bunu nəzərə almaq lazımdır.
– Səncə, bütün problem baş məşqçidədir?
Bəli, ən böyük problem Canni De Byazidir. Həmişə dəvət göndərdiyi, meydana buraxdığı heyətə görə tənqid olunur. Bu da normaldır. Çünki nəticə yoxdur. Uğursuzluq varsa, birinci günahkar baş məşqçidir. Bu, klubda da belədir, millidə də. Canni De Byaziyə də yanaşma elə olmalıdır. İtaliyalı ilə millidə irəliləyiş yoxdur. Onunla çox yol getmək mümkün deyil.
– Bir çoxları millidə yerli baş məşqçinin çalışmasını istəyir. Sən də belə düşünürsən?
Daha çox yerli mütəxəssis üzərində durulur. Həmişə belə danışılır. Amma faydası yoxdur, qərarı verən biz deyilik. Deyilənlərə çox da baxılmır. İstərdim ki, millidə gənc bir baş məşqçi çalışsın. Müasir futbolu bilən, komandaya yeni üslub gətirməyi bacaran biri olsun. Daha istəkli, uğura ac məşqçi gəlməlidir. Artıq bu qoca məşqçilərdən qurtarmaq lazımdır. Elə adam gəlməlidir ki, nələrisə dəyişə bilsin, başqa bir şey fikirləşməsin. Ona da işləmək üçün şərait yaradılsın. 3-4 il vaxt da verilsə, sərbəst şəkildə çalışıb faydalı ola bilər.
Həsən Quluzadə