25 Noyabr 2024
Ölkə futbolu

Arzuolunmaz gedişat

Ayxan Abbasovun “Turan Tovuz”dan ayrılmasının ardından mütəxəssisin yerinə kimin keçəcəyi müzakirə mövzusudu. Rəhbərlik məsələni ən qısa vaxtda həll etmək üçün çalışmalarını davam etsə də, artıq mətbuatda müxtəlif adlar dolaşır.

Maraqlıdı ki, adı Tovuz klubu ilə çəkilən məşqçilərin əksəriyyəti əcnəbidi. Bu, qətiyyən üstündən keçiləsi məsələ deyil.

Biz illərdi milli komandaya yerli çalışdırıcı təklif edirik. Saysız əcnəbilərin gediş-gəlişinin ölkə futbolununa cuzi qatqısını görən olmayıb.

Bu yanlışı düzətməyə çalışdığımız yerdə, futbol ağlına, niyyətinə güvəndiyimiz klub rəhbərliyinin yeni macəra axtarışında olduğu hiss edilir. 

Bəlli strategiyası olan, hədəfləri öncədən bilinən “Turan Tovuz”un qəfil Avropa sevdası yetərincə sürpriz qərardı. Riskli və romantik gediş növbəti mövsüm üçün həyəcanlandırıcıdı.

Ancaq macəranın ziddinə getmək lazım deyil. Azərbaycan futboluna tez bir vaxtda adaptasiya olub, gəldiyi ilk mövsümdə komandanı avrokuboklara aparacaq əcnəbi çalışdırıcı tapmaq bəlkə də mümkünsüzdü. Əgər ciddi bir hədəf varsa, bunu yaxşı anlayan, harada olduğunun fərqində olan yerli bir mütəxəssislə yola çıxılmalıdı.

Səviyyə yüksəldirik prinsipi, gözəl günlərin yaxın olduğu duyğuları qapı dirəyindən qayıtmamış romantikadan ayılmaq lazımdı.

Hələ mövsümün gedişatında milli komanda üçün yerli mütəxəssisdən yana olduğunu bildirən Ehtiram Quliyev prinsipinə sadiq qalmalıdı. Onun Tovuz futbolu üçün etdiklərini görməmək mümkün deyil. Klub idarəçiliyində bugünə kimi səhv qərar verilməyibsə, bundan sonrakı yanlışların fəsadı xoş görünməyə bilər. Bu baxımdan da, prinsiplərə sadiqlik riskdən daha effektiv olacaq.

Yaxşı nəticələnəcəyi ümidi ilə hərəkət etmək sonda gözləntiləri puç edə bilər. Yerli mütəxəssisdən yana olan rəhbərliyin eyni düşüncədə qalması hazırkı məqamda “Turan Tovuz” üçün də ən ideal variantdı.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43