23 Noyabr 2024
Ölkə futbolu

“Atam gənc futbolçular üçün örnəkdir” – Musa Qurbanlı

İsveçin “Yurqorden” klubunun azərbaycanlı futbolçusu Musa Qurbanlı “expressen.se” saytına atası Qurban Qurbanov barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, 21 yaşlı hücumçu 15 ildir “Qarabağ”a rəhbərlik edən atasının Azərbaycanda çox sevildiyini bildirib:

“Atam təkcə mənim üçün deyil, ölkəmizdəki digər gənc futbolçular üçün də örnəkdir. Təkcə futbol uğurlarına görə yox, həm də şəxsiyyətinə, xarakterinə görə. O, ölkəmiz və futbolumuz üçün çox şey edib. Uşaqlıqdan mənə hər şeyi öyrədib. Atam mənim üçün, demək olar ki, hər şey deməkdir”.

M.Qurbanlı yay fasiləsində “Qarabağ”ı Stokholm klubuna dəyişməsinin səbəbini də izah edib: “Gənc futbolçuyam, peşəkar karyerama yeni başlamışam. Yayda böyük liqalarda oynayan komandalar mənimlə maraqlanırdılar. Amma hiss etdim ki, ilk addımı atmaq baxımından “Yurqorden” daha yaxşıdır. Avropaya uyğunlaşmalı və daha çox təcrübə toplamalıyam”.

O, Azərbaycan və İsveç çempionatlarını da müqayisə edib: “İsveç çempionatı kifayət qədər güclüdür. Əvvəllər “Qarabağ”da oynamışam, yaxşı komandadır. Amma çempionat olaraq İsveç Allsvenskanı Azərbaycan Premyer Liqasından güclüdür. Bütün matçlar çətin keçir. Turnir cədvəlinin aşağı pillələrindəki komandalar da favoritlərə qarşı uğurlu çıxış edirlər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43