İdman

Avropa Çempionatında tarixi nailiyyət

İsveçrədə velosiped idmanının şose növü üzrə U-23 yaş kateqoriyası və gənclər arasında Avropa çempionatı davam edir. Yarışın 3-cü günü Azərbaycan velosipedi üçün tarixi nailiyyətlə yadda qalıb. Belə ki, gənc velosipedçimiz Elgün Əlizadə 41 ölkənin iştirakı ilə keçirilən qitə çempionatında 130 km məsafəyə qrup ötüşməsində çempion olmuş İtaliya idmançısına 9 saniyə uduzmaqla (03:09:47) 12-ci yeri tutub. Qeyd edək ki, yürüşdə ümumilikdə 190 velosipedçi iştirak edib.

Avropa çempionatının gedişini izləyən Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev gənc idmançımızın çıxışını yüksək qiymətləndirib: “Elgün Əlizadənin inamlı çıxışı bizə sabahımızın etibarlı əllərdə olmasına inam verir. Bu həm də onu göstərir ki, federasiya rəhbərliyi tərəfindən tətbiq edilən “Azərbaycanın İstedadli Velosipedçiləri Proqramı” artıq öz bəhrəsini verməkdədir. Ümid edirəm ki, Elgün Əlizadənin bu nəticəsi yığma komandamızın digər üzvləri üçün də böyük stimul olacaq”.

Qeyd edək ki, Avropa çempionatına bu gün U-23 yaş kateqoriyasında çıxış edən velosipedçilərin 173 km məsafəyə qrup ötüşməsi ilə yekun vurulacaq. Bu yaş qrupunda ölkəmizi “Synergy Baku” kontinental komandasının 2 üzvü Tural İsgəndərov və Samir Cəbrayılov təmsil edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43