Ölkə futbolu

“Avropa Liqasında da öz sözümüzü deyəcəyik”

“Əsas komandada qol hesabımı açdığıma görə çox sevinirəm. Bunun tarixi oyunda – avrokuboklara vəsiqə qazandığımız matçda olması mənim üçün ikiqat sevindiricidir”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qəbələ”nin gənc futbolçusu Müşfiq Teymurov klubun rəsmi saytına açıqlamasında deyib.

“Bakı” ilə oyunda fərqlənərək, komandasında ilk qolunu vuran futbolçu daha sonra sözlərinə belə davam edib:

“Mənə ən vacib oyunlarımızın birində fərqlənmək nəsib oldu. Həm klub rəhbərliyi, həm də komanda bizi avrokuboklara çıxaran bu qələbəni çoxdan gözləyirdi. İnşallah, Avropa Liqasında da öz sözümüzü deyəcəyik. Bu turnirdə bütün Azərbaycanı təmsil edəcəyimizdən, layiqli çıxış etməyə çalışacağıq. Avrokuboklara qədərsə daha bir ciddi sınağımız – Azərbaycan kubokunun final matçı var. Əgər mənə şans verilərsə, “Neftçi” ilə həmin oyunda da qol vurmağa çalışacağam. Məqsədimiz mövsümü ölkə kubokunun qalibi kimi başa vurmaq, “Qəbələ”yə ilk titul qazandırmaqdır”.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 34-cü turu çərçivəsində keçirilən “Qəbələ” – “Bakı” (3:1) matçı “qırmızı-qaralar”ın azarkeşləri ilə yanaşı futbolçu Müşfiq Teymurov üçün də sevindirici və yaddaqalan olub.  Komandasının heyətində 15-ci matçına çıxan “Qəbələ” Futbol Akademiyasının yetirməsi məhz sözügedən qarşılaşmada – “qırmızı-qaralar”ın tarixində ilk dəfə Avropaya vəsiqə qazandığı görüşdə qol hesabını açıb. 21 yaş 3 ay 21 günlüyündə qol sevinci yaşayan Müşfiq cari mövsüm Premyer Liqada  “Qəbələ” üçün qol vuran ən gənc futbolçu olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43