UEFA Avropa Liqası pley-off mərhələsində Türkiyə klubları üz-üzə gələ bilər.
İdmanxeber.az-ın məlumatına görə, cari mövsümdən yeni sistemdə keçirilən AL-də “Qalatasaray”ın “Fənərbağça”ya rəqib olma ehtimalı var. Belə ki, hazırda “sarı-qırmızılar” turnir cədvəlində 9-cu, “bülbüllər” isə 10-cu sırada qərarlaşıb.
Əgər sona bir tur qalmış komandaların mövqeləri dəyişməzsə, pley-off mərhələsində İstanbul derbisi baş tutacaq. Hətta komandalardan biri Avropa Liqasında mövsümü 10-cu, digəri 24-cü tamamlasa da yenə bir-birlərinə rəqib olacaqlar.
Xatırladaq ki, “Qalatasaray” AL-in son turunda “Ayaks”la, “Fənərbağça” isə səfərdə “Midyüllend”lə qarşılacaq. Oyunlar yanvarın 31-də baş tutacaq.