“Belə bir nəticə gözləmirdik. Çox zəif oyun göstərdik və böyük hesabla məğlub olduq. İkinci matça daha yaxşı hazırlanacağıq”.
Bu sözləri İdmanxeber.az saytına Azərbaycan U-19 millisinin futbolçusu Nihad Əhmədzadə Belarusda keçirilən təlim-məşq toplanışı çərçivəsində yerli komandaya 1:6 hesabı ilə məğlub olduqları matç barədə danışakrən deyib. Yığmamızın kapitanı daha sonra belə davam edib:
“Əslində çox yaxşı heyətimiz var. Moldova toplanışında əla çıxış etdik. Həmin vaxt Qazaxıstanı 2:0 məğlub etdik, Moldova ilə heç-heçə oynadıq (1:1), Türkiyəyə isə məğlub olmuşduq (0:5). Turniri ikinci yerdə bitirmişdik. Qazaxıstana və Moldovaya qollar vurmuşdum. Amma Belarus oyunu yaxşı olmadı. Bu nəticəyə görə çox pis oluruq. Komandada heç kim bu hesabı gözləmirdi. Amma onlarla daha bir oyun keçirəcəyik. İndi həmin görüşə köklənmişik”.
“Sumqayıt”ın futbolçusu gələcək karyerasından və Azərbaycanda gənc oyunçuların istənilən səviyyədə inkişaf etməməsindən də danışıb:
“Karyeramı ölkə xaricində davam etdirmək istəyirəm. Bunun üçün çox çalışmalıyam. Avropa klublarının diqqətini çəkmək asan deyil. Mütləq artırmalısan, inkişaf etməlisən. Bu gün Avropa ölkələri ilə oynayanda səviyyəcə nə qədər geridə olduğumuzu görürük. Bunun da bir neçə səbəbləri var. Açığı, bizim komandadakı uşaqların çoxu öz klublarında davamlı oynayırlar. Amma gənclərə daha çox şans verilsin. Belə olanda çox oyunçular üzə çıxa bilər. Təəssüf ki, gənclərə inam azdı. Daha çox inanmaq, güvənmək lazımdır.
Bununla bərabər, bizdə başqa problemlər də var. Məsələn, stadion problemi. Məncə, inkişafa əngəl olan ən böyük səbəblərdən biri budur. Biz hər dəfə xaricə gedəndə oradakı bazalarda 10-a yaxın meydança olur. Hamısı da ideal vəziyyətdə. Amma təəssüf ki, bizdə belə deyil. Stadion, yaxşı meydança tapmaqda çətinlik çəkirik. Belə olan halda inkişaf da gec olur”.
Həsən Quluzadə