Köşə yazıları

Ay siz öləsiz!

Xub, bizdə hakim yoxdu. Olub ey əvvəllər. Amma indi Xaqani Məmmədov olmağa qoymur, türkün məsəli. Bunu neçə ildi deyirik və yazırıq. İl demişkən, heç Xaqani Məmmədovun neçə ildi hakimlərə rəhbərlik etdiyini də bilmirəm. Adam elə gəlir ki, bir qərinədi. Amma futbolda təkcə Xaqani Məmmədov qərinə boyu kök salmayıb ki… AFFA-da, klublarda qaz vurub, qazan dolduranlar da qərinə yola veriblər axı. Amma hamı hakimlərin yetişməməsindən danışır. Ancaq heç kim bizdə ümumiyyətlə futbolun-klubun, yığma komandanın olmamasından danışmır axı. Axı hakim də futbol olan yerdə yetişər, qoz olan yerdə yox. Elə hakimləri də yetişməyə qoymayan, kal dərən futbolun başında qoz sındıranlar deyilmi?

Hamı – bütün klublar hakim səhvlərindən danışır. Amma hamı-bütün klublar da hakimlərin onlara işləməsini istəyir. Yoxsa, belə deyil? İndiyə qədər hansısa klubun haqsız şəkildə-hakim səhvləri ucbatından xal qazanandan sonra etiraz etdiyini gördünüzmü? Roman Qriqorçuk iddia edir ki, hakim səhvlərindən 15 xal itiriblər. Bəs hakim səhvlərinə görə neçə xal qazanıblar? Bunu hesablayıbmı Qriqorçuk? Təkcə “Qəbələ” deyil ki, belə “ədalət” carçısı. Elə hamısı belədi. Hamısı bir bezin qırağıdı. Hamısı bu təsərrüfatın məhsuludu. Hanı milyonlar xərcləyən “Xəzər Lənkəran”, “Bakı”? Onlar da Əliyar Ağayevin səhvinin qurbanı olublar? “Qəbələ”nin pulu qurtarıbsa, daha Heydərovun futbol təsərrüfatında yumağa “çirkli vəsait”i yoxdursa, bu, başqa məsələ. Belə məqamda burcutmağın, günah keçisi axtarmağın, “Qəbələ” dağılacaq” deyib xox gəlməyin yeri yoxdu. “Qəbələ”nin varlığı Azərbaycan futboluna nə vermişdi ki, yoxluğu da nə alsın?  

Bu ölkənin futbolundakı problem Əliyar Ağayev deyil. Bu ölkənin futbolundakı problem Əliyar Ağayevə sifariş verənlər, onu özlərinə işləməyə vadar edənlərdi. Onlar AFFA, klub rəhbərləridi. Arada İngiltərə çempionatına da baxın. Orda FİFA hakimlərinin buraxdığı “quşlar”dan tutun. İngiltərədə o “quşlar” müzakirə mövzusu olmur. Bilirsiz niyə? Ona görə ki, İngiltərədə futbol da var, futbol klubu da. Bizdə isə futbol yoxdu. Futbol yoxdursa, demək futbol klubu da yoxdu. Niyə yoxdu? Bax, bu sualın cavabını heç kim eşitmək istəmir. Sərfəsizdi axı. Elə ən yaxşısı Əliyar Ağayevi, ya da Xaqani Məmmədovu asıb-kəsməkdi. Onlar olmasa Azərbaycanda futbol olacaq, hakim səhvləri olmayacaq? Ay siz öləsiz… Qulağınızın dibini görərsiz. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43