“Ayntraxt”ın U-14 komandasının azərbaycanlı futbolçusu Murad Mahmudov idmanxeber.com saytına müsahibə verib.
– Əvvəlcə özün barədə məlumat verərdin.
– Mən Mahmudov Murad. 2000-ci ildə Azərbaycanda, Bakıda anadan olmuşam. 4 yaşım olanda ailəmlə birgə Almaniyanın Frankfurt şəhərinə köçmüşük. Bu günə kimi də orada yaşayırıq. 5 yaşımdan etibarən futbolla məşğulam. İlk olaraq Frankfurtun “Makkabi” klubunda oynamışam. Bu, kiçik klubdur. Daha sonra “Ayntraxt”ın məşqçiləri oyunumu görüb, bəyəndilər. Artıq 5 ildir bu komandada çıxış edirəm.
– Bu, vətəni tərk etdikdən sonra Bakıya ilk gəlişindir?
– Yox, bir neçə dəfə Bakıda olmuşam. Demək olar ki, hər yay gəlirəm bura. Özümüz Almaniyada yaşasaq da, bütün qohumlarımız buradadır.
– “İnter”in keçirdiyi İBA Cup turniri barədə nə deyə bilərsən?
– Çox gözəl turnir təşkil olundu. Yaxşı komandalar var idi. Finala kimi irəliləsək də, həlledici oyunda uduzduq. Buna görə çox təəssüflənirəm. Lakin ikinci yer də pis nəticə deyil.
– “Beşiktaş”a qarşı keçirilən final görüşündə hesabı açsan da, penaltilər seriyası zamanı qeyri-dəqiq oynadın…
– Buna görə çox təəssüflənirəm. Hələ oyun ərzində qələbə qazana bilərdik. Təəssüf ki, qələbə hesabını qoruya bilmədik. Yekunda da penaltilərdə uduzduq.
– “Ayntraxt”da səndən başqa azərbaycanlı futbolçu var?
– Rinat Dadaşov var. Amma o, məndən yaşca böyükdür.
– Yəqin ki, Azərbaycan millisində oynayan Rüfət Dadaşovun qardaşını deyirsən?
– Hə, odur. Onun qardaşı millidə oynayır.
– Sənə necə, Azərbaycan millisindən təklif gəlib?
– Təklif gəlib. Amma mən hələ yekun qərarımı verməmişəm.
– Təklif bu turnir zamanı gəldi, yoxsa daha əvvəldən?
– Yox, əvvəldən.
– Dedin ki hələ qərar verməmişəm. Azərbaycan millisində oynamaq istəmirsən?
– Açığı, mənim üçün ilk növbədə Almaniya millisidir. Gələcəkdə Almaniya millisinin şərəfini qorumaq istəyirəm. Amma Almaniya variantı alınmasa, Azərbaycanınformasını geyərəm.
– Axı, Azərbaycan sənin vətənindir…
– Düzdür, vətənimdir. Amma mən Almaniyada böyümüşəm. Artıq neçə illərdir orada yaşayıram. Həm də bu idmandır. Peşəkarlıq baxımından Almaniyada oynamaq istəyirəm.
– Bu qərarı sən qəbul etmisən, ya valideynlərin?
– Onlar da mənim Almaniya millisində oynamağımı istəyirlər.
– Deyirsən ki, ilk seçimim Almaniyadır. Azərbaycanla müqayisədə Almaniya millisinə düşmək daha çətindir. Bu, səni qorxutmur?
– Yox, heç nədən çəkinmirəm. Özümə güvənirəm.
– Birdən Almaniya yığmasına düşə bilmədin. Azərbaycan millisi də səndən imtina etdi. Onda necə olacaq?
– Hələ bu barədə düşünmürəm.
– Aleksandr Səmədovu tanıyırsan?
– Hə, tanıyıram.
– O, Azərbaycanı yox, Rusiya millisini seçdi. Bakıda Rusiya millisinin heyətində meydana çıxarkən oyun boyu fitə basıldı, hətta təhqir də olundu. Eyni hissləri yaşamaq istərdin?
– Yenə deyirəm, peşəkarlıq baxımından mən Almaniyaya üstünlük verirəm. Əgər, o variant alınmasa, o zaman Azərbaycan millisini seçərəm.
– Almaniya millisindən sənə dəvət gəlib?
– Orada seçim bir qədər fərqli aparılır. Əvvəlcə regionlar üzrə seçimlər aparılır. Sonra isə milli komandanın üzvləri müəyyənləşir. Almaniya millisinə düşmək üçün şansım var.