“Əvvəla düşmən həmləsi nəticəsində Füzuli rayonunda baş vermiş faciəylə bağlı xalqımıza və həyatlarını itirən doğmalarımızın ailəsinə başsağlığı vermək istəyirəm. Allahdan 2 yaşlı körpə balamız Zəhra və nənəsi üçün rəhmət, yaxınlarına isə səbr diləyirəm.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov Avropa Liqasının birinci təsnifat mərhələsində Lüksemburq “Differdanj”ı ilə cavab oyunu öncəsi deyib.
Abbasov arxayınlaşmadıqlarını söyləyib:
“Oyun haqda onu deyə bilərəm ki, ilk oyundakı 2:0 hesablı qələbəmiz bizi heç də arxayınlaşdırmır. Rəqibimiz çox yaxşı komandadır. Bizi ağır oyun gözləyir. Cütün taleyi məhz bu oyunda həll olunacaq. “Differdanj” avrokubok təcrübəsi olan komandadır. Onların bəzi oyunlarını izləmişəm. 2:0 hesablı üstünlüyümüzü qorumağa çalışacağıq. Lakin bu futboldu və “play-off” oyunları iki oyundan ibarət olur. Yalnız Viktor İqbekoyi viza probleminə görə komandayla səfərə çıxa bilmədi. Başqa itkimiz yoxdur”.
Gənc mütəxəssis Lükseburqda futbolun inkişaf etdiyini bildirib: “Ümumiyyətlə Lüksemburq klubları bizə ötən mövsümdən tanışdır. Keçən il “Qarabag” ÇL-də bu ölkənin təmsilçisi ilə qarşılaşmışdı. Ötən gün Lüksemburq təmsilçisinin “Qlazqo Reyncers” səddini keçməsi mənim üçün surpriz oldu. Səfərdən məğlubiyyətlə dönüb evdə mərhələni keçməsi inkişaflarından xəbər verir”.