28 Oktyabr 2024
Ölkə futbolu

Ayxan Abbasov: “Mənə görə o epizodda penalti yoxdur”

“Bilirdik ki, oyun çətin keçəcək. Rəqibimiz “Qarabağ” idi. Birinci hissədə futbolçularımız yaxşı çıxış etdi. Bəlkə də Giorgi Kantariyanın epizodu qol olsaydı, yaxşı alınardı. İkinci hissə isə qapımıza penalti ilə başladı. Ondan sonra istər-istəməz hücum etməyə çalışdıq, oyun açıldı. Rəqib də bundan istifadə etdi. Klub olaraq bu cür oyunlara ehtiyacımız var. Qarşıda bizi daha çətin matçlar gözləyir. Evdə və səfərdə bəzi oyunlar bizim üçün kritik olacaq, xal qazanmalıyıq. Üç gündən sonra kubok matçı var. Ondan sonra “Zirə” ilə görüşə hazırlaşacağıq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov “Qarabağ” oyunu (0:3) sonrası deyib. O, daha sonra qapılarına təyin edilən penaltidən danışıb:

“Artıq hakimlikdən danışmaq istəmirəm. Hər oyundan sonra hakimlikdən danışıram. Özümdən də xoşum gəlmir. Mənə görə o epizodda penalti yoxdur. Qaydalar deyir ki, topa toxunuşdan sonra sərt dəyərsənsə, penaltidir. Sərt dəymirsənsə, penalti deyil. Bu epizodda Adil topu çıxarır. Aleksey Kaşukun sürətinin qarşısını almadı. Kaşuk özü də yıxılırdı. Ondan sonra oyunun içində foullar var, verilmir. Hərdən “təzə qaydalar-təzə qaydalar” deyirlər… Deyəsən, Azərbaycanda futbol dəyişdirilib, bizim xəbrimiz yoxdur. Çox da danışmaq istəmirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43