18 Yanvar 2025
Ölkə futbolu

Ayxan Abbasov: “Oyun baxımından futbolçulardan razı qaldım”

“Maraqlı oyun alındı. Birinci hissə qollarla başladı. İkinci hissədə rəqibin daha çox təzyiq edəcəyini bilirdik. Cüzi səhv etdik, rəqib bizi əks-hücumda tutdu. Təəssüflənirik ki, xal qazana bilmədik. Oyun baxımından futbolçulardan razı qaldım. Bəzi futbolçular tam hazır deyil. Amma onlar da, yeni gələnlər çempionatımızı hiss etdi. Leroy Mikelsin yoxluğu oyunumuza təsir etdi. Mövsümün sonuna qədər maraqlı oyunlar olacaq. Komandadan 8 futbolçu ayrıldı. Onların yerini doldurmalıydıq. Qışa qədər bir çox oyunlarda əziyyət çəkdik. Gedən futbolçuların yerlərini doldurduq. Üç yerli, dörd əcnəbi oyunçu gətirdik. Bu gün Cəlal Hüseynov, Murad Vəliyev oynadı. Digərləri legionerlərdir. Qışda yerli transfer etmək çətindir. İstəyərdik, amma olmadı. İlk növbədə qarşıya qoyulan məqsədə çatmaq istəyirik. İndi daha rəqabətli heyətimiz var. Bu da futbolçuların böyüməsində rol oynayacaq”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov “Qarabağ” məğlubiyyəti (3:2) barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Futbolçularım inamlıdır. Şamaxıdakı oyunda “Qarabağ”dan  xal ala bilərdik. Qol da vurmuşduq. Bu gün də hesabda önə keçə bilərdik. Futbolçulardan tələbimiz hücumda və müdafiədə yaxşı oynamaqlarıdır. Çempionatda 2 komanda var ki, xal ala bilməmişik. Onlardan biri “Qarabağ”dır. Yəqin ki, son oyuna qaldı. “Qarabağ”a qarşı oynamaq əlavə motivasiyadır. İstəyimizə çata bilmədik. Demək ki, daha da çalışmaq lazımdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43