Ölkə futbolu

Ayxan Abbasov: “Qarşıda bizi ağır günlər, çətin oyunlar gözləyir”

“Üç gündü hazırlıqlara başlamışıq. Hələlik tam heyət deyilik. Oyunçularımız hamısı qoşulmayıb, əsasən də legionerlər. Bu həftə çalışacağıq ki, bütün oyunçular komandanın düşərgərsində olsun. Hazırlıqlar yaxşı gedir. Oyunçular həvəslidi. Hələ yeni başlamışıq. Qarşıda bizi ağır günlər, çətin oyunlar gözləyir”.

Bu sözləri İdmanxeber.az saytına “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov deyib. Təcrübəli mütəxəssis daha sonra komandanın hədəflərindən söz açıb:

“Hədəfimiz Premyer Liqada qalmaqdı. Asan bir şey yoxdu. Bunun bacarmaq üçün əlimizdən gələni edəcəyik. Komandaya, futbolçulara güvənirəm. Yaxşı mübarizə aparmalıyıq. Yeni komandada çətinlik çox olur. Digər klublarla müqayisədə heyətimiz geniş olmaya bilər. Oyunçuların cəzalanması, zədələnməsi sabah bizi çətin duruma düşürəcək. Hazırda da axtarışdayıq. Gənc futbolçuları heyətə cəlb etmək istəyirik. Onlara özlərini göstərmək üçün şans vermək lazımdı. Əlimizdən gələni edəcəyik. Heç kimdən çəkinmirik”. 

Abbasov “Şamaxı”nın cari mövsümdən legioner oyunçular almasından da söz açıb. O, bu qərarın rəhbərlikə bərabər verildiyini bildirib:

“Komanda Premyer Liqaya çıxadan rəhbərlik qarşısına məqsəd qoymuşdu. Biz oturub bu məsələni müzakirə etdik və ortaq məxrəcə gəldik. Hər bir şeyi edirik ki, “Şamaxı” Premyer Liqada möhkəmlənsin. Rəhbərlik üçün də çətindi, hər cür fədəkarlığı edirlər. Nəzərə alaq ki, digər komandaların sponsoru var. Amma bizdə yoxdu. Ona görə çalışırıq ki, transferləri düzgün edək. Bu məsələdə rəhbərliklə fikirlərimiz üst-üstə düşür”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43