01 Oktyabr 2024
Ölkə futbolu

Ayxan Abbasov: “Sona qədər vuruşacağıq”

“Evdə ilk oyunumuz idi. Nəhayət ki, Şamaxıda oynaya bildik. Rəqib “Neftçi” idi, istəmirdik ki, bu gün uduzaq. Gözlədiyimdən də dinamik oyun keçdi. Biz və rəqib oyununu tempini yüksək tutdu. Bilirdik ki, hər iki komanda qalib gəlmək istəyir, “Neftçi” yuxarı pillədən qopmamaq üçün bu oyuna qələbə üçün çıxacaq. Oyun baxımından komandadan çox razı qaldım. Düzdür, sonlarda yorulduq. Amma bu gün qələbəyə layiq idik. Son nöqtəni qoymaqda çatmadı. Buna da vaxt lazımdır. Real baxsaq, bir ayda buna nail olmuşuqsa, oynadığımız komandaların hamısı ilk turlardan iddialı idi. Şükürlər olsun ki, istədiyimiz xalı yığmışıq. Komanda o təzyiqdə deyil. Amma sona qədər mübarizə gedəcək, özü də gərgin. Millinin fasiləsindən səmərəli istifadə etmək istəyirik ki, futbolçular performanslarını daha da yaxşılaşdırsınlar. “Neftçi”yə də uğurlar”.

İdmabxeber.az-ın məlumatına görə, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov “Neftçi” oyunu (0:0) sonrasə deyib. O, daha sonra belə davam edib:

“Qaydalar çox şey deyir, bilirik. Amma futbol emosional oyundur. Hər kəs bütün liqaları izləyir, avrokuboklarda xarici hakimləri görürük. Əsgər intizamı ediblər dördüncü hakimi. Yəqin ki, tələb edirlər. Xəbərdalıq vermələri normaldır. Amma xətti tapdaladın, xətti keçdin…Nə bilim. İtaliya A seriyasına baxırsan, məşqçilər meydançanın içərisindədir. Bizdə də olur, bəzi məşqçilər meydana girir, ona güzəştəgedirlər. Dördüncü hakimlə məsələ bu idi, başqa heç nə.

Mövsümdən əvvəl futbol mediası, mütəxəssislər müzakirələr aparırlar, çempionluqda “Qarabağ”a rəqib olmadığını deyirik. “Zirə”, “Sabah”, “Neftçi” böyük klub olduğuna və həmişə yüksək yerlər üçün oynadığına görə, deyirik ki, “Qarabağ”a rəqib ola bilər. Amma digər komandalar var ki, büdcəsi imkan verir ki, avrokuboklara cəhd etsinlər. Onlar da böyük transferlər ediblər. Yaxşı başlayanlar da var. Bizim kimi komandaların məqsədi mübarizə aparmaqdır. Klub olaraq böyümək üçün Premyer Liqada qalmalısan. Qalmırsansa, bütün planların alt-üst olacaq. Öncə yüksək liqada qalmaq istəyirik, sonra vəziyyətə baxacağıq. Ötən mövsüm liqadan əvvəl, statistika alt-üst oldu, “Qəbələ” Premyer Liqadan düşdü. Hər şey büdcə, hər şey böyük klub olmaq deyil. Çempionatımız sürprizləri sevir. Sona qədər vuruşacağıq. Məqsədimiz vuruşmaqdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43