22 Sentyabr 2023
Ölkə futbolu

“Azərbaycan çempionatında eyni gücə malik 4-5 komanda var”

“Neftçi”nin futbolçusu Mark Tamaş xarici mətbuata müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə,  30 yaşlı müdafiəçi yay fasiləsində Rumıniya klubu “Sepsi”dən “ağ-qaralar”a keçidini dəyərləndirib:

“Əvvəllər “Sepsi”nin heyətində Rumıniya çempionatında Mutunun komandasına qarşı oynamışam. Ola bilsin ki, məni unutmayıb. Sabiq komandam “Şlask” da məni istəyirdi, amma polşalıların təklifi rəhbərliyin ürəyincə olmadı. Həyat yoldaşım, kiçik qızım və iki itimizlə birlikdə Bakıya köçdük. “Neftçi”ni gələcək üçün böyük fürsət saydığım üçün seçimi bu komandanın lehinə etdim. Biz “Qarabağ”ın səviyyəsinə çata bilərik”.

Müdafiəçi Premyer Liqanın VI turunda “Araz-Naxçıvan”a 0:1 hesabı ilə məğlub olduqları qarşılaşmanı buraxmasına da aydınlıq gətirib: “Qaydalara görə ən azı dörd azərbaycanlı oyunçu meydanda olmalıdır. Müxtəlif zədələrə görə bu dəfə qaydaya əməl etməyin yeganə yolu mənim kənarda qalmağım idi. Ümid edirəm ki, lider “Zirə”yə qarşı keçirəcəyimiz növbəti görüşdə iştirak edə biləcəyəm. Ümumiyyətlə, Azərbaycan çempionatında eyni gücə malik 4-5 komanda var. Əksəriyyəti qapalı müdafiə olunur və əks-hücumlardan qol vurmağa çalışır”.

Qeyd edək ki, Mark Tamaş “Neftçi” ilə 2 illik müqavilə bağlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43