27 Noyabr 2024
Ölkə futbolu

Azər Məmmədov: “Əvvəlki “Kəpəz”lə indiki arasında böyük fərq var”

“Bilirdik ki, çətin komandaya qarşı oynayırıq. Çempionat yeni başlayıb. “Səbail” son iki oyunda qələbə qazanmışdı. Bu gün qələbə qazanmaq istəyirdik. Bizdən yuxarı pillədə olan komandalara yaxınlaşmaq istəyirdik. Təəssüf ki, məğlub olduq. Bu gün rəqib qələbəyə layiq idi”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Məmmədov Misli Premyer Liqasının 6-cı turunun “Səbail”lə (0:3) matçından sonra keçirilən mətbuat konfransında deyib. O, daha sonra belə davam edib:

“Oyunumuz alınmadı. Təhlil edəcəyik. Çatışmayan cəhətlərimiz var. “Neftçi” ilə oyundakı istəyi son matçlarda görə bilmirik. Problemləri kənardan özüm də sezirəm. Araşdırmalıyıq. “Kəpəz” azarkeşləri həmişə komandanın yüksəklərdə olmasını istəyib. Futbol oynayanda da bu mərhələdən keçmişəm. Zaman dəyişib. Əvvəlki “Kəpəz”lə indiki arasında böyük fərq var. Öz maliyyə imkanımıza görə ən yaxşısını etməyə çalışırıq. Hər komandada bu vəziyyət olur. Vəziyyətdən çıxış yolu tapmalıyıq. Bu da mənim üzərimə düşür. Çatışmayan cəhətləri düzəltməliyik.

Qapıçı səhvi futbolçulara təsir edir. Bundan sonra oyunçuların özünə gəlmək ehtimalı az olur. Komanda psixoloji cəhətdən bərpa ola bilmir. Bəli, qırılma nöqtəsi ikinci dəqiqədə buraxılan qol idi. Son üç oyunun ilk hissəsində qol buraxırıq. Gəncədə üç məğlubiyyəti biz də istəməzdik. İnanıram ki, komandanı düzəldəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43