“Sabahkı matçda futbolçulara, xüsusən də az şans qazanan oyunçulara bir çox yenilikləri sınamaq imkanı verməliyik. Milli komanda üçün bu, çox vacibdir”.
İdmanxeber.az xəbər verir ki, bu sözləri Albaniya millisinin baş məşqçisi Silvinyo iyunun 7-də Azərbaycan yığmasına qarşı keçirəcəkləri beynəlxalq yoldaşlıq oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.
Braziliyalı mütəxəssis bu görüşün Avropa çempionatı öncəsi önəmli sınaq olduğunu bildirib: “Azərbaycanla yoldaşlıq oyunundan sonra qrup mərhələsinin ilk turunda qarşılaşacağımız İtaliya millisini daha yaxşı dəyərləndirmək və təhlil etmək imkanımız olacaq. Ona görə də hazırda əsas diqqətimiz sabahkı oyundadır. Rəqib bizə çətinlik yarada bilər. Bu görüş Albaniya millisi üçün çox vacib və dəyərlidir. Matçdan sonra həm fərdi, həm də komanda şəklində indiki durumumuzu analiz edəcəyik. Yoldaşlıq görüşləri bizə harada olduğumuzu göstərəcək və Avropa çempionatına hazırlaşmağa kömək edəcək”.
Qeyd edək ki, iyunun 7-də Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” İdman Kompleksinin stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.