07 Fevral 2025
Ölkə futbolu

Azərbaycan Kubokunda son 20 mövsümün antirekordu qeydə alındı

Azərbaycan Kubokunda son 20 mövsümün antirekordu qeydə alınıb.

İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, 1/4 final mərhələsinin ilk oyunlarında dörd qolun vurulması ilə mümkün olub.

“Kəpəz” – “Neftçi” (0:2) görüşündə iki, “Araz-Naxçıvan” – “Zirə” (1:0) və “Səbail” – “Qarabağ” (0:1) qarşılaşmalarında bir qol qeydə alınıb. “Sabah” – “Sumqayıt” (0:0) matçında isə hesab açılmayıb.

2004/2005 mövsümündə də 1/4 finalın ilk oyunlarında eyni sayda qol vurulub.

“Neftçi” – “İnter” və “Gənclərbirliyi” – “MKT-Araz” qarşılaşmaları qolsuz yekunlaşıb. MOİK “Xəzər Lənkəran”a 0:1, “Karat” “Bakı”ya 1:2 hesabı ilə məğlub olub. Bu nəticə 20 ildən sonra təkrarlanıb.

2004/2005 və 2024/2025 mövsümlərindəki göstərici 1/4 finalın bütün görüşləri baş tutan ilk matçlar üçün antirekord sayılır. Çünki daha az – 2 qolun vurulduğu 1997/98 mövsümünün 1/4 finalının ilk oyunlarından 3-ü keçirilib

Hər iki top da OİK – “Neftçi” matçında vurulub – 1:1. “Kəpəz” – “Bakılı”, “Dinamo” – “Qarabağ” görüşləri qolsuz yekunlaşıb. Bərdə “Pambıqçı”sı fəaliyyətini dayandırdığı üçün “Kür-Nur”la qarşılaşması texniki nəticəyə səbəb olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43