27 Noyabr 2024
Kateqoriyasız

“Azərbaycan yığması kifayət qədər layiqli rəqibdir” – Qazaxıstan millisinin baş məşqçisi

Qazaxıstan yığmasının baş məşqçisi Maqomed Adiyev Millətlər Liqasının I turunda sabah Azərbaycanla keçirəcəkləri matç öncəsi mətbuat konfransında fikirlərini bildirib.

İdmanxeber.az xəbər verir ki, o, yaxşı nəticə qazanacaqlarına ümid etdiyini söyləyib:

“Azərbaycan yığması kifayət qədər layiqli rəqibdir. Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik. Rəqibin necə oyun göstərəcəyi də çox önəmlidir. Ard-arda 4 matç keçirəcəyik. Bu səbəbdən, gücümüzü bölməyə çalışacağıq. İlk görüşümüz Azərbaycan seçməsinə qarşı olacaq. Əlimizdə olan futbolçularla kifayətlənəcəyik. Artıq heyətə başqa kimlərisə dəvət etməyəcəm. Bu oyunçularla qarşıdakı 4 matçda mübarizə aparacağıq”.

Adiyev sabahkı görüşdə balanslı oyuna üstünlük verəcəklərini söyləyib: “Balanslı oyuna üstünlük verəcəyik. Buna Çempionlar Liqasını finalında “Real” – “Liverpul” matçını nümunə göstərə bilərəm. Hücum futbolu oynayaraq 0:5 hesabı ilə məğlub ola bilərsən. Amma balanslaşdırılmış futbol sərgiləyərək, qalib gəlmək mümkündür. “Liverpul” – “Real” matçı bunun bariz nümunəsidir”.

“Astana Arena”da keçiriləcək Qazaxıstan – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43