08 Sentyabr 2024
Ölkə futbolu

“Azərbaycanda tribunaların belə boş olması mənə çox təəccüblü gəlir” – türkiyəli mütəxəssis

“Futbolu çox sevirəm. Özüm də “Beşiktaş” azarkeşiyəm. Bu görüşü də çox bəyəndim. Komanda yaxşı mübarizə apardı. Bildiyim qədəri ilə “Kəpəz”in önəmli əskikləri var idi. Çətin keçəcəyi gözlənilirdi. Amma komanda yaxşı çıxış etdi. Heyətdən bir neçə futbolçunu tanıyıram. Bəzi legionerlərə stadiona gələcəyimlə bağlı söz vermişdim. Bu səbəbdən də dəstək olmağa gəlmişdim”.

Bu sözləri İdmanxeber.az saytına “Gəncə” basketbol komandasının baş məşqçisi Bedri Meriç Qəbələdə baş tutan “Kəpəz” – “Araz Naxçıvan” matçı barədə danışarkən deyib. “Sarı-göylər”ə dəstək üçün Qəbələyə gələn türkiyəli mütəxəssis daha sonra belə davam edib:

“Türkiyə ilə Azərbaycan furbolu arasında müəyyən səviyyə fərqi var. Orada daha üst səviyyəli oyunçular çıxış edir. Amma yenə də bu görüşü çox bəyəndim. Çalışdığım qədəri ilə Azərbaycan Premyer Liqasını izləyirəm. Tribunaların belə boş olması mənə çox təəccüblü gəlir.

“Neftçi” – “Beşiktaş” matçında yaxşı ab-hava görmüşdüm. Xeyli azarkeş var idi. Ancaq çempionatda həmin şeyi görmürəm. Buna xeyli üzüldüm. Çünki stadionlar, yaxşı komandalar var. Tribunalarda daha çox azarkeş olmalıdır”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43