23 Dekabr 2024
Kateqoriyasız

Azərbaycanlı funksioner Moldovada klub aldı – yüksək liqada yarışacaq (AÇIQLAMA)

Azərbaycanlı funksioner, hazırda Türkiyədə fəaliyyət göstərən Rəsul Şükürsoy Moldovada klub alıb.

İdmanxeber.az futbolpress.az-a istinadən xəbər verir ki, Şükürsoy əvvəlcə ölkə xaricindəki fəaliyyəti barədə danışdı:

“Azərbaycanda olduğum müddətdə “Pelikan” agentliyimiz var idi. Ölkədən getdikdən sonra onun fəaliyyətini daha da genişləndirdik. Futbolçuların karyera planlaşdırması üzrə ixtisaslaşmış FIFA lisenziyalı agentlikdir. Gənc futbolçuların peşəkar klublara adaptasiyası ilə məşğul oluruq. Onların da əksəriyyəti Afrika ölkələrindən olan milli komanda üzvləridir. İstanbulda kamp mərkəzimiz var. Eyni mərkəz Ukraynada – Kiyevdə, Rusiya – Ukrayna müharibəsində son dönəmin gündəm bölgələrindən olan Buça şəhəri yaxınlığında da mövud idi. Təəssüf ki, müharibə ucbatından ordakı kampı bağlamaq məcburiyyətində qaldıq və oyunçuları Polşaya evakuasiya etdik. İstanbul kampı isə fəaliyyətini olduğu kimi davam etdirir”.

Rəsul bəy fəaliyyətlərində yenilik olduğunu və Moldovada klub aldıqlarını bildirdi. Həmin komanda bu ölkənin yüksək liqasında çıxış edəcək:

“Moldovada yeni futbol klubu aldıq. Hazırda yerli federasiya ilə danışıq gedir. Necə eləmək münasibdirsə, elə edəcəyik. Klubun adı “Pelikan” olacaq. Adaptasiya kamplarında ortaya çıxardığımız futbolçuları birbaşa klublara verməzdən əvvəl orda təcrübə keçmələrini məqsədəuyğun sayırıq. Komanda yeni mövsümdən Moldova yüksək liqasında yarışacaq. Orada çıxış edəcək futbolçular Türkiyədə hazırlıqlara başlayıb.

Artıq tamamilə Azərbaycandan köçdüyünü bildirən həmsöhbətimiz gələcəkdə ehtiyac yaranacağı halda ölkə daxilində də fəaliyyət göstərə biləcəklərini söylədi:

“Artıq tamamilə Azərbaycandan köçmüşəm. Bütün iş mərkəzimiz İstanbuldadır. Ancaq Azərbaycan vətənimizdir. Ölkəmizdə fəaliyyət göstərməyimiz üçün mühit olmalıdır. Bu halda gerçəkləşə bilər. Arzular və ehtiyaclar qarşılıqlı olmalıdır. Bizim mənəvi ehtiyacımızdırsa, Azərbaycan futbol ictimaiyyətində o mənəvi mühit formalaşmalıdır ki, gələcəkdə öz futbolumuza xidmət edək. Amma bu gün heç kim Azərbaycan futboluna xidmək etmək fikrində deyil. Maraqlar fərqlidir. Biz xidmətçiyik. Nə vaxt Azərbaycan futbolunun ona xidmət edəcək insanlara ehtiyacı olarsa, o zaman əlimizdən gələni etməyə hazırıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43