19 Oktyabr 2024
Ölkə futbolu

“Azərbaycanlı hakimlər sanki həndəsə dərsi keçməyib”

“Araz Naxçıvan”ın futbolçusu Turan Manafov İdmanxeber.az saytına müsahibə verib. O, Premyer Liqada keçirdiyi 100-cü oyundan və hakim səhvlərindən söz açıb. Manafov avrokubok iddialarını da yenidən dilə gətirib.

– Premyer Liqanın ötən turunda 100-cü görüşünü keçirdin. Xəbərin var idi?

Açığı, mən də PFL-dən öyrəndim. Oyunlarımı saymıram (gülür). Nə qədər çox olsa, bir o qədər yaxşıdı. Daha çox matça çıxmaq, nəticə qazanmaq istəyirəm. Əlbəttə, yubileyim olması mənim üçün xoşdu. Ümid edirəm 300-cü, 500-cü görüşümə çıxaram. O vaxtı da yazarsınız, soruşarsınız. 

– Elə həmin oyunda “Zirə”yə 0:3 hesabı ilə məğlub oldunuz. Görüş barədə nə deyə bilərsən?

Öz səhvlərimizlə öz qapımıza qollar vurduq. Bu qədər səhv etməməliyik. Qollar buraxdıqca həvəsdən düşdük, toparlana bilmədik. Bir də ki, hakimlərdən danışırlar. Ancaq məncə, onlarlıq bir şey yoxdur. Problem stadionlardadır. Bizim stadionlarımız əyridir. Bu arenaları tikənlərdən soruşmaq lazımdır ki, niyə belə ediblər. Cərimə meydançasının xətti düzgün çəkilmir. Bunları bizə VAR hakimləri göstərdi. Onların sayəsində gördük ki, “Dalğa Arena”, Tovuzun stadionu əyridir. Düzgün tikilməyib. Problem hakimlərin çəkdiyi xəttlərdə deyil, stadionlardadır. Hamısını söküb yenidən tikmək lazımdır. Yəni başqa söz tapa bilmirəm. Bizi yıxıb sürüyüblər.

– Yəni “Zirə” oyununun nəticəsini hakim səhvlərinə bağlayırsan?

Məğlubiyyətin 20-30 faizi bizə görədisə, 70-80 faizi hakimlərin üzündən olub. Elə sonuncu oyundakı çəkdikləri xəttə baxın. Elə bil hakimlər həndəsə dərsi keçməyiblər. Cərimə meydançası xətti ilə belə kimin ofsayd olduğu görünür. Amma onların xətti başqa şey göstərir. Bu artıq ayıbdır. Deməyə söz qalmayıb. Tovuzda da eyni hal oldu. Otto Con ofdayddan fərqlənsə də, VAR qəribə bir xətt çəkdi, düzüb-qoşub qolu qeydə aldılar.

– Mövsümün əvvəlində avrokuboklar iddiasında idiniz. İndi isə 8-ci pillədə gedirsiniz. Aşağılara düşməyin təzyiqi var komandada?

Bu mövqedə 3 komanda eyni xala sahibdir. 5-ci pillədəki “Səbail”lə aramızda 3 xallıq fərq var. Hələ onlarla bir dəfə də qarşılaşacağıq. Qarşıda çox oyunlar var, hər şey dəyişə bilər. Hələ də avrokuboklara getmək şansımız var. Biz hələ ikinci yeri də tuta bilərik. Turnir cədvəlində 2 qələbə hər şeyi dəyişir. Çempionatın belə enişli-çıxışlı olması maraqlıdır. Deməli, rəqabət var, həvəsli gedir oyunlar. Sonuncu tura qədər şansımızı saxlamaq istəyirik. 

– Səncə, fasilədə komanda güclənməli idi?

Bu məsələ mənim səlahiyyətimdə deyil. Amma çox komanda gücləndi, bizdə də olsaydı yaxşı olardı. Əlimdə imkan olsa, yeni oyunçular götürərdim. Amma bu, rəhbərliyin, məşqçilər heyətinin verəcəyi qərardır. Yəqin ki, məsləhət bilməyiblər və ya hansısa səbəbdən alınmayıb. Yenə də biz heç kimdən zəif deyilik. Hamıyla oynaya biləcəyimiz heyətimiz var. 

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43