Kateqoriyasız

AZAL-ın uğurlu seriyası Gəncədə qırıldı

AZAL klubunun Topaz Premyer Liqasındakı üç uğurlu seriyası qırılıb.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, XX turun Gəncədə “Kəpəz”lə qarşılaşmasında 0:2 hesabı ilə uduzan paytaxt təmsilçisinin qələbə, məğlubiyyətsiz və quru oyunlar seriyaları başa çatıb.

 Son 4 turda ardıcıl 4 qələbə qazanan Tərlan Əhmədovun futbolçuları “Xəzər Lənkəran”, “Neftçi”, “Zirə” və “Qarabağ”ı eyni – 1:0 hesabı ilə məğlub etmişdi. Sonuncu dəfə XV turun 2015-ci il dekabrın 7-də “Rəvan”la səfər matçında (0:0) xal itirən AZAL 62 gündən sonra qələbəsiz qalıb. XIII turun noyabrın 23-də “İnter”lə səfər matçında 2 cavabsız qol buraxan Tərlan Əhmədovun komandasının məğlubiyyətsiz oyunlar seriyası isə 76 gün davam edib. Bu müddətdə bakılılar 6 oyunda uduzmayıb. 1:0 hesablı qələbə və “Rəvan”la matçdan başqa, “Sumqayıt” da AZAL-ı yenə bilməyib. Həmin görüşdə paytaxt klubu 2:0 hesabı ilə qalib gəlib.

“İnter”lə oyundan sonra 6 matçda qol buraxmayan “təyyarəçilər”in quru seriyası da Gəncədə qırılıb. Sonuncu dəfə “İnter”lə qarşılaşmanın 85-ci dəqiqəsində Abbas Hüseynovun qoluna üzülən AZAL-ın qapıçısı Stanislav Namaşkonun seriyası 573-cü dəqiqədə dayanıb. Onun qoruduğu qapının toxunulmazlığını “Kəpəz”lə matçın 28-ci dəqiqəsində Budaq Nəsirov qırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43