09 Oktyabr 2024
Köşə yazıları

Azarkeşlərdən sui-istifadə

Çox yox, cəmisi 5 il əvvəl kimsə desəydi ki, klublarımız avrokubokların qrup mərhələsində oynayacaq, yəqin ki, həmin adama doyunca gülərdik. Ancaq zaman elə gətirdi ki, bir yox, bir neçə klubumuz bu həyəcanı yaşadı. Artıq Avroliqanın qrup mərhələsinə yüksəlməyi su yolu etmişik. Həm “Neftçi”, həm də “Qarabağ” qrup oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirib. Və demək olar ki, bütün görüşlərdə tribunalar ağzına kimi dolub. Amma bu dəfə fərqli mənzərəylə üzləşdik. 

İkinci dəfə qrupda oynamaq fürsəti əldə edən “köhlən atlar” ilk ev qarşılaşmasında azarkeş qıtlığıyla üzləşdi. “Anderlext”lə matçda tribunalarda boş oturacaqlar o qədər idi ki. Görəsən niyə? Desəm ki, camaat gecə saat 12-də bitən oyunu evə gec getmələrinə görə canlı izləməyib, dilim-ağzım quruyar. Axı bu millət gecənin bir yarısınadək bulvarda gəzib-dolaşır. Necə olur ki, o zaman evə gec getmək yada düşmür? Metronun iş saatı da saat 1-ə kimi uzadılmışdı. Yəni bəhanə üçün də əl yeri yoxdu. İstənilən şəxs belçikalılarla oyun başa çatdıqdan sonra vaxtında evinə çata bilərdi. Bəlkə “Qəbələ”nin Krasnodardakı oyununu ilk dəqiqələrdən izləmək istəyənlər hər iki görüşə televiziya vasitəsiylə baxmağı üstün tutub? Bu fərziyyə də inandırıcı görünmür. Belə çıxır ki, 1 milyondan artıq qarabağlı arasında 30 min “Qarabağ” azarkeşi tapılmadı ki, mərkəzi arenaya yollansın? Yox, nəsə bu ehtimal da inandırıcı görünmür. Hə, deyəsən, əsl səbəbi tapmışam axı. Biletlərin şişirdilmiş qiyməti tamaşaçıları stadiondan uzaq salıb. Hə, bax bu səbəb yetərincə real görünür. 

Bildiyiniz kimi, klub təsnifat oyunlarından fərqli qrup mərhələsinin görüşləri üçün biletlərin qiymətini artırıb. İndi daha 1 manatlıq bilet tapmaq mümkün deyil. Minimum məbləğdə bilet əldə etmək üçün iki dəfə artıq pul ödəməlisən. 2 manatlıq biletlər isə olub 5 manata. Hələ mən 10, 20 və ya 50 manata olan biletlərdən danışmıram. “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl görün nə deyir: “Oyun başlayanda azarkeşlərin sayı az idi, sonradan çoxalma müşahidə olundu. Bu klub hamımızındı. Ona görə gəlib dəstək vermələrini xahiş edirəm. Əvvəl bəzi sektorlara biletin qiyməti 1, digərlərinə 5 manat idisə, bu dəfə daha çox 2 manatlıq biletlərə üstünlük vermişdik. Dəyişik variantlarda təcrübə keçirik. Əlbəttə, müəyyən narazılıqlar olacaq. Bir məqamı dərk etməliyik ki, komandaya dəstək olmaq lazımdı”. Tahir bəyin bu GÖZƏL açıqlamasından belə başa düşdüm ki, klub batır. Klubun rəhbəri mədəni surətdə “ay aman, böhrandayıq, cənabi azarkeşlər bizə əl tutun”. Maşallah, kimin də işi “xod getməsə” belə “Azərsun”un işləri yolundadı. Gözəl ailəsinin biznes fəaliyyətində axsamalar müşahidə olunmur. İndi mən oturub, nəyi hansı obyektlərdən qazandığınızı sadalamayacam. Cibinizə bərəkət. Allah bol eləsin. Amma o boyda “Xəyal adası” layihəsini gerçəkləşdirən insanların başında durduğu klub pul mövzusunda şikayətlənə bilməz. “Azərsun” da böhrandayam deyirsə, onda gərək biz özümüzü bu firmanın məhsulu olan “Möcüzə” yağında boğaq. Ölkənin aparıcı şirkətinin maddi problemlərlə üzləşməsi elə möcüzə kimi bir şey olar. Kor-kor, gör-gör. Biz çörəyi nə qulağımıza, nə də gözümüzə yeyirik, bəylər. Deməli, ilin, günün pis vaxtında, dolların qalxıb, manatın düşdüyü, işsizliyi gündən-günə artdığı dönəmdə insanlardan mümkün qədər çox pul qoparmaq istəyiniz bu azarkeşə zülm verməkdən başqa bir şey deyil. Kasıb camaatın cibinə göz dikməyin! Ayıbdı, vallah ayıbdı! Qardaş, bu gün üçün “Qarabağ”a pul lazımdı, ya uğur? Gəlin, əvvəlcə bu suala cavab verin. Pul lazımdısa, camaat da işini bilsin, qrupdan çıxmaq kimi şirin arzudan bəri başdan əlini üzsün. Yox, "hər şeydən öncə uğur istəyirik" deyirsizsə, o zaman tribunaların dolu olması üçün lazımi şərait yaradın. Biletlərin qiyməti əvvəl necə idi, qoyun elə də qalsın. 

Özünüzdən Amerika kəşf etməyin. Azarkeşlərdən, bu kluba sevgidən sui-istifadə əks-təsir versə, heç təəccüblənməyin. Sonra demədi deməyin.

Xəyal


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43