Layihə

Azərbaycan çempionatının son 6 turunda azarkeş göstəricisi – LAYİHƏ

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan idmanxeber.com saytının “Ölkədaxili yarışların (Premyer Liqa, I Divizion və ölkə kuboku) ən yaxşı şəkildə işıqlandırılması” kateqoriyası çərçivəsində hazırladığı onbirinci yazısı.

Azərbaycan Premyer Liqasında artıq 6 tur geridə qalmaqdadı. Bu turlar ərzində 23 qarşılaşma 9 fərqli stadionlarda ( “Azərsun Arena”, Qəbələ şəhər stadionu, Zirə İdman kompleksi, “İnter Arena”, “Kapital Bank” arena, “Dalğa Arena”, “Baksell Arena”, Yevlax şəhər stadionu, Tofiq Bəhramov adına Respublika stadionu ) oynanıldı. “Kəpəz” ilk ev oyununu Yevlax şəhər stadionunda keçirsə də, növbəti oyunlarını səfərə saldı. Öz ev oyunlarını bir qayda olaraq doğma publika önündə keçirən “Qəbələ”, “Sumqayıt”, “Neftçi”, “İnter” və “Zirə” komandaları azarkeşləri önüdə meydana çıxdı. Eyni stabilliyi “Qarabağ”a da şamil etmək olardı. Ancaq 5-ci tur öncəsi ani qərar alan Ağdam təmsilçisi, ev oyunlarını Suraxanıdakı “Azərsun Arena”da yox, Tofiq Bəhramov adına Respublika stadionunda keçirmək istədi və “Kəpəz”i bu arenada qəbul etdi. “Səbail” isə rəqiblərini “Bayıl Arena”da qarşılamalı olsa da, stadionun təmir işlərinin hələ də yekunlaşmaması səbəbindən matçlarını “Dalğa Arena”da keçirir.

Bu günkü yazımız son 6 turda stadionlara gələn azarkeş sayı ilə bağlı olacaq. Geridə qalan oyunlarda Azərbaycan çempionatının görüşlərini 9 müxtəlif arenadan 34 440 azarkeş izləyib. Bu rəqəmlərdən 7526-sı ilk turun payına düşürsə, müvafiq olaraq 6300, 8100, 3500, 5120 və 3900-ü növbəti həftələrin azarkeş sayının göstəricisidi. Bu rəqəm isə ötən mövsümün əvvəli ilə müqayisədə olduqca aşağı göstəricidi. Səbəb isə çox sadədi, “Kəpəz”.

 Gəncə şəhər stadionunun ot örtüyünün dəyişdirilməsi prossesi səbəbindən ev oyunlarını səfər matçı ilə dəyişən qərblilər yalnız II tur çərçivəsində “Zirə”ni Gəncəyə yaxın olan Yevlaxda qəbul etdi. Həmin matçı tribunadan 2000 azarkeş canlı olaraq izlədi. Heç kimə sirr deyil ki, “sarı göylər” mövsümün əvvəlindən etibarən ev oyunlarını doğma arenada keçirsəydi, ümumi azarkeş sayı olan 34 440 rəqəmi 2, hətta 3 dəfə artıq ola bilərdi. Şahin Diniyevin yetirmələrinin uğursuz çıxışlarına baxmyaraq doğma komandalarını böyük həvəslə gözləyən azarkeşləri nəzərə alsaq, II dövrədən etibarə həftəlik azarkeş sayında artımın müşahidə olanacağını söyləmək mümkündü. “Kəpəz”in hər ev oyuna orta hesabla 7000-8000 min azarkeşin gəldiyini hələ ötən illərdə görmüşük. Bu göstərici isə cari mövsüm  1 turun  azarkeş sayına bərabər deməkdi. II dövrədən etibarən öz oyunlarını Gəncədə keçirməsi gözlənilən “Kəpəz”in azarkeş sayına öz töhvəsini verəcəyi heç kimdə şübhə doğurmur.

Ən çox azarkeş 6 tur ərzində 4 dəfə ev oyunu keçirən “Qarabağ”ın matçlarına gəlib. 10 000 tamaşaçı toplayan “Qarabağ”ın bu siyahıda ilk pilləni tutmasında Çempionlar liqasındakı uğurlu çıxışının da rolu az deyil. Baxmayaraq ki, bu rəqəm elə də böyük göstərici sayılmır, bununla belə həftəyə 4 oyunun keçirildiyi çempionatımız üçün bu göstəricini qənatbəxş hesab etmək olar. Bundan başqa, “köhlən atlar”ın cari mövsüm 1 oyun az keçirməsinə baxmayaraq turnir cədvəlinə vahid lider olması da, azarkeşinin xoşuna gəlməyə bilməz.

 

Cari mövsümə olduqca bərbad başlayan və cəmi 1 xalla “Kəpəz”lə 7-ci, 8-ci yerləri bölüşən “Neftçi”ni isə azarkeşləri hər oyunda demək olar ki, tək buraxmır.  Rəqib meydanında keçirilən matçlarda belə komandasının yanında olan tərəfdarlar “flaqman”ın köhnə günlərinə tez bir zamanda qayıdacağına ümid edirlər. 6 tur ərzində cəmi 1 xal toplayıb, rəqib qapılarından 3 top keçirməyə müvəffəq olan “Neftçi”nin bu mövsüm keçirdiyi 3 ev oyununa 8220 azarkeş təşrif buyurub. “Ağ qaralar” turnir cədvəlində ən azı ilk “üçlük”də yer almış olsaydı, bu rəqəməin 2 dəfə çox olacağını əminliklə söyləmək olardı. 

Əyalət klublarının turnir cədvəlinin hansı pilləsində  yer almasından asılı olmayaraq azarkeş sarıdan əziyyət çəkmədiyi hər kəsə məlumdu. Bununla belə çempionatın favorit komandalarından hesab olunan və ölkəmizin ən güclüsü mövqeyində yer alan “Qarabağ”a tək rəqib kimi göstərilən “Qəbələ”nin 3 tur ərzində ev oyunlarına 4700 azarkeşin cəlb olunması çox da yaxşı göstərici sayılmamalıdı. 6 oyundan 4 də qələbə qazanıb, cəmi 2-də xal itirən əyalət təmsilçisinin ev oyunlarına daha çox azarkeşin gəlməsi gözlənilən məqamlardandı.

Keçirdiyi 4 ev oyununa 3200 nəfər azarkeş toplamağı bacaran “Zirə” isə “Neftçi”dən sonra ən yaxşı Bakı, ən yaxşı qəsəbə təmsilçisidi. 14 xalla “Qarabağ”ın ardınca ikinci pillədə qərar tutan “qartallar”ın çox sayıda olmasa da, müəyyən qədər azarkeşi var. Üstəlik həmin az sayıda olan azarkeşləri “Zirə”nin səfər matçlarında da görmək mümkündü. 

“İnter”, “Sumqayıt” və “Səbail” komandalarının cari mövsüm evdə keçirdikləri matçlarda isə cəmi 6326 azarkeş yer alıb. Əslində Sumqayıtın eyni adlı klubunun ev oyunlarındakı azarkeş sayının daha çox olacağına və bu komandanın matçlarına daha çox tərəfdarın gələcəyinə şübhə yoxdu. Sadəcə olaraq 6 turdan cəmi 2-ni evdə keçirən “gənclik şəhəri”nin təmsilçisinin, eyni zamanda ev oyunlarını keçirdiyi “Kapital Bank” arenanın oturacaq sayının olduqca az olması, bu gün adıçəkilən komandanın azarkeş sayının azalmasına səbəb olan amillərdəndi.

 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

 

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43