Rusiya Futbol İttifaqının preidenti vəzifəsini icra edən Nikita Simonyan Dortmund “Borussiyası”nın yarımmüdafiəçisi Henrix Mxitaryanın Azərbaycana buraxılmaması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
İdmanxeber.com-un məlumatına görə, o, bunları deyib:
“Əgər idman qanunları ilə danışsaq, Azərbaycan Mxitaryanın ölkəyə girişinə icazə verməyə məcburdu. Əgər qarşı çıxsalar, Dortmund klubu və ya Mxitaryan UEFA-ya müraciət etməlidi.
Azərbaycanın qanuni əsas yoxdu ki, Mxitaryanı oyuna buraxmasın. Əgər Bakı maneə yaratsa, bu, futbol qanunlarının kobud şəkildə pozulması olacaq. Siyasi vəziyyətə görə Henrixi buraxmamaq heç bir məntiqə sığmır”.
Siyasi fikir ayrılıqlarına görə komandaların müxtəlif qruplara salındığını dilə gətirən Simonyan həmçinin UEFA təcrübəsini xatırladaraq qeyd edib ki, əgər indiki halda qitə futbol qurumu “Qəbələ” və heyətində ermənistanlı futbolçu olan “Borussiya”nın bir qrupda mübarizə aparmasına icazə veribsə, o zaman futbolçunun Azərbaycanda iştirakını təmin etməyə məcburdu.
Mxitaryan 2011-ci ildə Dağlıq Qarabağa qeyri-qanuni şəkildə gəldiyinə görə Azərbaycana buraxılmaması müzakirə mövzusudu. Bildirilir ki, Azərbaycan işğal edilmiş əraziyə qeyri-qanuni şəkildə getmiş şəxsə viza verilməsinə qadağa qoyub.