Rusiyanın “NTV+Sport” kanalında işləyən Elvin Kərimov Azərbaycana buraxılmayıb. Azərbaycanlı Kərimov DÇ-2014-ün seçmə mərhələsində oktyabrın 15-də Bakıda keçiriləcək Azərbaycan – Rusiya oyununu şərh etmək istəyib. Lakin telekanal rəhbərliyi buna icazə verməyib.
Telekanal rəhbərliyinin həmyerlimizi nəyə görə Azərbaycana ezam etmədiyi məlum deyil. Verilən məlumata görə adı çəkilən kanaldan ümumi 4 nəfər Bakıda qonaq olacaq.
Qeyd edək ki, Elvin Kərimov Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Yuventus” – “Qalatasaray” matçını erməni spiker Nobel Arustamyanla birgə şərh etmişdi. Bu isə Azərbaycanda səs-küyə səbəb olmuşdu. Kərimov Lənkəranda anadan olub və “Qalatasaray” azarkeşidi, Arustamyan isə Bakıda dünyaya göz açıb və “Yuventus” ən sevimli komandasıdı.