“Milliyə dəvət aldığım üçün özümü çox yaxşı hiss edirəm və bununla qürur duyuram. Düşünürəm ki, qarşıdakı oyunlarda millinin əsas qapıçısı Dudu Avatı əvəzləyə bilərəm. Ancaq hər şey özümdən asılıdır. Əgər baş məşqçi şans versə, komandanın uğuru üçün əlimdən gələni edəcəyəm”.
Bu sözləri İsrail yığmasının qapıçısı Ariel Haruş DÇ-2014-ün seçmə mərhələsində qarşılaşacaqları Azərbaycan və Rusiya ilə oyun haqda danışarkən deyib.
Qolkiper qarşıdakı oyunları səbirsizliklə gözlədiyini deyib:
“Qarşıdakı oyunlara gəldikdə isə hər iki görüşə yaxşı köklənmişik. Ümid edirəm ki, bu oyunlardan sərfəli nəticə ilə ayrılacağıq. Hansı ki, bunu Şimali İrlandiya və Portuqaliya matçlarda etmişdik. Bu baxımdan qarşıdakı oyunları səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, sentyabrın 7-də millimizi qəbul edəcək İsrail yığması 3 gün sonra səfərdə Rusiya ilə qarşılaşacaq.