Kateqoriyasız

“Bəzən bir epizod oyunun taleyini müəyyənləşdirir” – Qurban Qurbanov

Premyer Liqanın XIX turunun “Sabah” – “Qarabağ” matçından (0:1) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

İdmanxeber.az xəbər verir ki, o, əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:

– Komandamı təbrik edirəm. Vacib 3 xal qazandıq. Çox yaxşı komandaya qarşı oynadıq. Meydanda intizamlı iki kollektiv var idi. Hər iki komanda sona qədər nizamını qoruyub saxladı. Oyunçularımdan çox razı qaldım. Oyunun əvvəlində çətinlik olsa da, sonra ələ almağı bacardıq.

– Ozobiçin oyununu şərh edə bilərsiz?
– Pis oynadığını deməzdim. Ozobiç meydanda ən çox qaçan oyunçulardandır. Bəzi epizodlarda zonasında tez ola bilmirdi. Komanda yoldaşları ona irad bildirmirdi, sadəcə danışırdılar. Ümumi götürsək, Ozobiç xoş təsir bağışladı.

– Bu gün demək olar ki, qol imkanı yarada bilmirdiz. Bu, nə ilə bağlıydı?
– Cərimə meydançasına girilən epizodlara baxsaq, bəlkə də 4-5 real qol imkanımız var idi. Rəqibin oyunçuları futbolçularımıza qarşı çox yaxın oynayırdı. Bəzən bir epizod oyunun taleyini müəyyənləşdirir. Mənim üçün oyun intizamı daha vacibdir.

– Toralın durumu nə yerdədir?
– Ayağında bir az şiş oldu. Yəqin ki, sabah tam bilinəcək. Ağrılar çox olsa MRT olunacaq. Düşünürəm ki, çox da ciddi zədə deyil.

– Bədavini bu mövsüm meydanda görə biləcəyik?
– İnşallah, hə. Uyğun zaman axtarırıq. İlk dəqiqələrdən meydana buraxmaq istəmirik. Milli komandaların oyunlarına görə yaranan fasilədə hazırlıq matçı keçirməyi planlaşdırırıq. Burada ona şans verə bilərik.

– Rusiya – Ukrayna müharibəsinə görə klubundan ayrılmış çox oyunçular var. Sizinlə əlaqə quran menecer var?
– Xeyr, heç bir əlaqə olmayıb.

– Maksim Medvedevi demək olar ki, artıq mərkəz müdafiəçisi kimi görürsüz.
– Bəli, ehtimal ki, mərkəzdə oynayacaq.

– Abbas nə üçün ehtiyatda idi?
– Heyətdə rotasiyalar edirəm. Bu səbəbdən ehtiyatda qaldı. Həm ondan, həm də Veşoviçdən razıyam.

– Xayme bu mövsüm meydana çıxacaq?
– Görə bilərik, amma bütün oyun boyu deyə bilmərəm. Məşqlərə qoşulsa da, yükləmələr zamanı fərdi çalışır. Mövsümün sonuna kimi əvvəlki formasını bərpa etməsi çətin görünür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43