19 Sentyabr 2024
Ölkə futbolu

“Bəzən oyunçularımız özləri qol vurmaq istəyir, ötürmə etməkdən yayınır”

“Komanda şəklində yaxşı oynadıq. Hər iki hissədə də imkanlarımız çox oldu. Təəssüf ki, yararlana bilmədik. Sonluğu gətirməyi bacardıq. Bəzən oyunçularımız özləri qol vurmaq istəyir, ötürmə etməkdən yayınır. Ani səhvlərdən qollar buraxdıq. Bu oyun gələcəkdə yaxşı nəticələr qazanacağımızı göstərir”.

Bu sözləri İdmanxeber.az saytına “Kəpəz”in futbolçusu Şakir Seyidov “Sabah” görüşü barədə danışarkən deyib. O, komandadakı baş məşqçi dəyişikliyinə də toxunub:

“Hər bir baş məşqçinin öz taktikası var. Adil müəllim daha kompakt oynamağa, topun bizdə qalmasına üstünlük verir. Əvvəllər bu qədər hücum etmirdik. Buna davam etsək, qələbələr gələcək. Bizim öz məqsədlərimiz var. Premyer Liqada qalmağa oynayırıq. Sonuncu yeri tutacağımıza inanmırıq. Hamı bu durumdan çıxacağımızı düşünür. Sadəcə “qara zolağ”a düşmüşük. Bir qələbə lazımdır ki, vəziyyətdən çıxaq”.

Seyidov azarkeşlərin təpkisinə belə cavab verib:

“Fanatları yaxşı anlayıram. Hər zaman yüksəklərdə olmaq istəyirlər. Çünki “Kəpəz”in böyük tarixi var. Bizə inansınlar, oyunlara gəlsinlər. Qələbələrlə komandanı Premyer Liqada saxlayacağıq”.

Müqavilə ilə “Sabah”a məxsus olan yarımmüdafiəçi “bayquşlar”a qarşı oyunun özü üçün xüsusi olub-olmamasını belə şərh edib:

“Mən Adil müəllimin tapşırıqlarını yerinə yetirməyə çalışırdım. “Kəpəz”dəyəmsə, buranın xeyrini düşünməliyəm. Meydanda əlimdən gələni də etdim. Əgər geri qaytarmaq istəsələr, qərarlarına verirlər. Müqavilə ilə “Sabah”a məxsusam. Oradan icarə göndərilmişimsə, özümü sübut edib geri qayıtmalı və heyətdə yerimi tutmalıyam. Ancaq hələlik “Kəpəz”dəyəm və bura xidmət edirəm”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43