07 Fevral 2025
Ölkə futbolu

Bakı klubunda tragikomik hadisə – Transfer baş tutacaqdı ki…

“Səbail” baxışa dəvət etdiyi futbolçu Coy-Slayd Mikelsi heyətinə qata bilməyib. 30 yaşlı vinger bir müddətdi “dənizçilər”in düşərgəsində komanda ilə məşqə çıxırdı. Onun performansı baş məşqçi Cavid Hüseynov tərəfindən bəyənilib və mütəxəssis futbolçu ilə müqavilə bağlanmasını istəyib.

Rəhbərlik Mikelslə sözləşmə imzalamağa hazırlaşanda ciddi problemlə üzləşib. Belə ki, əsasnaməyə görə Premyer Liqa klublarının heyətə cəlb etdikləri legioner futbolçular peşəkar statusunda olmalıdır. Ancaq 30 yaşlı oyunçunun son klubu Almaniyanın həvəskar statuslu “Ay-Yıldızspor” komandası olub. Bu səbəbdən də transfer baş tutmayıb.

Maraqlıdır ki, nə klub rəhbərliyi, nə də futbolçunu komandaya təklif edən agent Fuad Xəlilov əsasnaməni yada salmayıb. Əks təqdirdə “Səbail” klub büdcəsindən oyunçuya bilet alıb Azərbaycana gətirərək onu günlərlə komanda ilə məşqə çıxarmazdı.

Legioner limitinin ləğvinin müzakirə olunduğu günlərdə bu cür həvəskar səviyyəli addımlar ciddi narahatlıq yaradır. Əgər əsasnamədə oyunçunun peşəkar statusunda olması şərti qeyd edilməsə, hansısa həvəskar klubda çıxış edən biri Premyer Liqaya transfer ediləcəkdi. Üstəlik dövlətin futbolun inkişafı üçün klublara ayırdığı vəsait hesabına. Premyer Liqa klubları heyətə cəlb edilən oyunçuların yalnız milliyətinə baxmamalı, bu işdə daha peşəkar davranmalıdı.

Xatırladaq ki, Coy-Slayd Mikels “Sabah”da çıxış edən Coy-Lens Mikelslə “Şamaxı”da forma geyinən Leroy Mikelsin qardaşıdı.

İdmanxeber.az

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43