30 Dekabr 2024
Ölkə futbolu

“Bakı Metropoliteni” “Qarabağ”ın oyununa görə gücləndirilmiş rejimdə işləyəcək

“Bakı Metropoliteni” QSC “Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Lex”lə Bakıda keçirəcəyi oyun üçün gücləndirilmiş rejimdə işləyəcək.

İdmanxeber.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Bildirlir ki, matça görə “Bakı Metropoliteni” QSC-nin iş rejimində ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq. İyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək oyuna tamaşaçı marağını nəzərə alaraq, Bakı metropoliteninin iş rejimində müvafiq dəyişiklik edilməsi nəzərdə tutulub.

Metropolitenin əvvəlcədən elan edilmiş istirahət günü qrafikinə baxmayaraq, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə Respublika stadionunda keçirilən kütləvi tədbirlər zamanı metropolitenin müvafiq əməliyyat planı əsasında bir sıra tədbirlər görüləcək. Görüşün oynanılacağı mərkəzi arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyası oyunun başlanma saatı ərəfəsində gücləndirilmiş iş rejimi şəraitində çalışacaq. Bu xüsusda əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib olunacaq, nəzarət mexanizmləri gücləndiriləcək. Həmçinin “Nəriman Nərimanov” və “28 May” stansiyalarında müvafiq ehtiyat tədbirlər nəzərə alınacaq.

Xəttə buraxılmaq üçün nəzərdə tutulmuş ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.

Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq. Poznandakı ilk oyunda Ağdam təmsilçisi rəqibinə minimal hesabla uduzub – 0:1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43