Milli komandaların oyunları ilə bağlı yaranan fasilə sona çatdı, və bu həftə “Xəzər Lənkəran”ı növbəti paytaxt səfəri gözləyir. Komanda cümə günü “Bakı”nın qonağı olacaq.
Çempionatda balans
İndiyə qədər bu iki komanda ölkə çempionatında 25 oyun keçirib. Tərəflərin hərəsi 7 dəfə meydandan qalib ayrıldığı halda, ən çox qeydə alınan nəticə heç-heçə olub. “Xəzər Lənkəran” və “Bakı” 11 çempionat oyununda meydandan sülhlə ayrılıb. Vurulan qollarda isə lənkəranlıların üstünlüyü var – 26:22.
“Bakı” – “Xəzər Lənkəran” 2:2 (21.10.2011). Paytaxt klubunun təlim-məşq bazasının stadionunda keçirdiyi ilk oyun.
Ağır səfər
Statistika “Bakı” ilə səfər oyunlarının “Xəzər” üçün çətin keçdiyini göstərir. Çempionat çərçivəsində bu rəqibin meydanında baş tutan 12 oyunda Lənkəran klubu 7 dəfə heç-heçə edib, 4 dəfə məğlub və yalnız bir dəfə qələbə qazanıb.
Oxşar nəticələr
“Xəzər Lənkəran” və “Bakı”nın hazırkı mövsümdə son matçlarının statistikasında bir çox oxşarlıqlar var. Belə ki, hər iki komanda Premyer Liqanın son 5 turunda bir qələbə qazanıb, iki heç-heçə edib və iki dəfə məğlub olub.
XL-də, paytaxt klubu da bu turlar ərzində yeganə qələbəni “Simurq” üzərində qazanıb. Bundan əlavə, bu həftə üz-üzə gələcək rəqiblər ötən beş matç ərzində yalnız bir dəfə qolsuz heç-heçə etməklə qapısını toxunulmaz saxlayıb.
Digər məqamlar
Geridə qalan turlar ərzində 7 dəfə qapısından 2 və daha çox qol görən “Bakı” digər tərəfdən çempionatda vurduğu qolların sayına görə yalnız “Qarabağ”dan geri qalır – 22.
Komandaların bu mövsüm 6-cı turda Lənkəranda baş tutan qarşılaşması “Xəzər Lənkəran”ın Premyer Liqada ilk qələbəsi, klub tarixində 400-cü çempionat qolu, Mbilla Etamenin ilk qolu və dublu ilə yadda qalmışdı.
Mbilla “Xəzər Lənkəran”da qol hesabını “Bakı” ilə oyunda açdı.
“Bakı” – “Xəzər Lənkəran”. 22 noyabr, saat 14:00, “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. Canlı yayım: “İdman Azərbaycan”.
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov; əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov.