“Komandalarımıza düşən rəqiblər arasında ən güclüsü “Beşiktaş”dır. “Ağ-qaralar” heç də yaxşı günlərində olmayan “Neftçi” ilə üz-üzə gələcək. Təmsilçimizin onlara qarşı şansı azdır, ancaq sıfır deyil. Az faizlə olsa da, ümid var. “Beşiktaş” elə komandadır ki, onları xüsusi analiz etməyə ehtiyac yoxdur. Ölkəmizdə kifayyət qədər Türkiyə futboluna baxan azarkeş var. Hamı onların gücünə bələddir. “Neftçi” sadəcə adı və imici üçün döyüşməli, ən xırda ehtimaldan belə istifadə etməlidir. Bakıdakı oyunda məğlub olmamaq “Neftçi” üçün yaxşı nəticə sayılacaq. Mərhələ şansını İstanbula saxlamaq da uğurdur”.
Bu sözləri idmanxeber.az saytına futbol meneceri Səbuhi Səfiyarlı UEFA Konfrans Liqası III təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Beşiktaş” görüşü barədə danışarkən deyib. O, turnirdəki digər təmsilçimiz “Sabah”ın “Partizan” qarşısındakı şanslarını da dəyərləndirib:
“Mənim üçün də ən maraqlı qarşılaşma budur. Çünki “Sabah” həm çempionatda, həm də ilk turda xarakteri olduğunu göstərib. Komanda yaxşı baş məşqçiyə sahibdir. Klub da artıq böyüməyə başlayıb. Rəqib kimsə olsa belə “Sabah” öz duruşunu qoruya biləcək. Bəlkə də cütlüyün favoriti “Partizan”dır. Amma çox az faizlə. Təmsilçimizin çox yaxşı şansı var. Hadisələr bir az komandamızın xeyrinə dəyişsə, mərhələ keçilə bilər.
“Partizan”ın heyəti, büdcəsi nə qədər güclü olsa da, yenə də “Sabah”ın növbəti tur şansı az deyil. Çox inanıram ki, illərdir klublarımızın edə bilmədiyi sensasiyanı məhz təmsilçimiz yaradacaq. İlk oyundan çox şey asılıdır. Bakıda minimal hesablı qələbə və ya heç-heçə şansımızı daha da artırar. Baxmayaraq ki, ötən mövsümkü heyətin əsas üzvləri olan Aleksey Kaşuk və Coy-Lens Mikels yoxdur. Amma yeni transferlər də artıq uyğunlaşma prossesini geridə qoyub. Bu gün onların da komandaya kömək edə biləcəyini düşünürəm”.
Həsən Quluzadə