14 Yanvar 2025
Kateqoriyasız

“Baku United” İsveç çempionuna divan tutdu

Böyük Britaniyada fəaliyyət göstərən “Odlar Yurdu” təşkilatının təsisçisi olduğu, İngiltərə çempionu “Baku United” klubu UEFA Futzal Kubokunun ilkin mərhələsində uğurlu çıxışını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, “Baku United” turnirin ilkin mərhələsində “B” qrupunda Bosniyanın “Sarayevo”, İsveçin “Malmö Siti” və Qibraltarın “Qibraltar Skorpionz” klubları ilə mübarizə aparır.

Avqustun 27-də keçirilmiş ilk oyunda “bakılıların” rəqibi Qibraltar təmsilçisi olub. Oyun tamamilə “Baku United”in üstünlüyü ilə keçib və komandamız rəqibinə heç bir şans verməyərək 10:0 hesablı darmadağına imza atıb.

İkinci matçda isə “Baku United” İsveç çempionu “Malmö Siti” klubu ilə görüşüb. Bu oyunda da komandamız 10:0 hesabı ilə inamlı qələbə qazanıb. “Baku United”in heyətində qolları Tobe (3), Aqon (2), Marcelo, Xose Karlos, Keni, Karlos Munyoz və Poulinyo keçirib.

Hazırda “B” qrupuna iki oyundan altı xal toplamış “Baku United” başçılıq edir. Lakin ikinci yeri tutan Bosniya çempionu “Sarayevo”nun da altı xalı var. Beləliklə, qrupdan əsas mərhələyə çıxmaq üçün yeganə vəsiqə uğrunda mübarizənin qalibi avqustun 30-da keçiriləcək “Sarayevo” – “Baku United” qarşılaşmasında müəyyənləşəcək. Top fərqini nəzərə alaraq, “Baku United”i bu oyunda heç-heçə də qane edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43