“Neftçi”nin Braziliyada rəsmi işgüzar səfərdə olan icraçı direktoru Elnur Məmmədov və idman direktoru Vəli Qasımov “Marakana” muzeyinin nümayəndələri ilə görüşüblər.
İdmanxeber.com klubun rəsmi saytına istinadən xəbər verir ki, görüş əsnasında Azərbaycan futbol tarixinin ən köklü komandası barədə məlumatlar verilib.
Ardından flaqmanın yetirməsi və peşəkar karyerası ərzində yalnız “Neftçi”də oynamış Anatoli Banişevskinin “Marakana”da vurduğu qol xatırlanıb və futbolçu haqqında rəsmi məlumatlar muzey rəhbərliyinin diqqətinə çatdırılıb. Sonda əfsanəvi futbolçunun 9 nömrəli forması muzeyə hədiyyə edilib.
Qeyd edək ki, Anatoli Banişevski 21 noyabr 1965-ci ildə SSRİ yığmasının heyətində Braziliya ilə yoldaşlıq görüşündə “Marakana” stadionuna toplaşmış 132 min azarkeş önündə onilliyin qoluna imza atıb. Banişevski başı ilə uzaq məsafədən vurduğu qolla adını tarixə yazdırıb. Bu qol 59-cu dəqiqədə – Pelenin hesabı açmasından 5 dəqiqə sonra gerçəkləşib. Qoldan sonra Banişevskiyə yaxınlaşan Pele onun əlini sıxaraq təbrik edib. Braziliyalıların yaddaşında “qızıl baş” ləqəbi ilə qalan əfsanəvi futbolçu bu günə kimi də “Marakana” stadionunda qol vurmuş yeganə həmyerlimizdir.