23 Sentyabr 2024
Ölkə futbolu

“Başıma zərbə dəydi, bir anlıq huşumu itirdim” – “Turan Tovuz”un qapıçısı

“Zirə” ilə oyuna yaxşı başlamışdıq. Qolu da vaxtında vurduq. Ancaq sonra əlimizə düşən fürsətlərdən yararlana bilmədik. İlk hissə bu epizodlardan istifadə edə bilsəydik, hesab fərqli ola bilərdi”.

Bu sözləri İdmanxeber.az saytına “Turan Tovuz”un qapıçısı Aydın Bayramov “Zirə” görüşü (1:1) barədə danışarkən deyib. O, həmin qarşılaşmada başından aldığı zədədən də söz açıb:

“Başıma zərbə dəydi, bir anlıq huşumu itirdim. Durandan sonra gördüm ki, başım hərlənir. Buna görə də oyuna davam edə bilmədim. Ancaq indi hər şey yaxşıdır. Müayinədən keçmişəm, ciddi bir şey yoxdur. Növbəti görüşdə qapıda dura bilərəm”.

Bayramov bu tur Tovuzda qarşılaşacaqları “Araz Naxçıvan” matçından da söz açıb:

“Oyunun hazırlıqlarını davam etdiririk. Bütün görüşlər kimi, bu da çətin keçəcək. Azarkeşlərimiz önündə qələbə qazanmaq istəyirik. Bəzi itkilərimiz olsa da, hamı əlindən gələni etməyi çalışacaq”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43