21 Sentyabr 2024
Ölkə futbolu

“Bayer”i gözümüzdə elə böyütmüşük ki, sanki başqa dünyadandılar”

“Bayer”in gücünü bütün Avropa bilir. Hələ məğlub olmayıblar, çox dinamik futbol sərgiləyən komandadır. Şansımız həmişə var. Futbolda mümkünsüz heç nə yoxdur. “Qarabağ” elə bir komandadır ki, gözlənilməz çox nəticələrə imza atıb. Həmişə öz sözünü deyib. Mən Bakıda məğlub olacağımızı düşünmürəm. Rahat şəkildə oynayıb, qalib gələ bilərik. Amma səfərdə vəziyyət fərqli olacaq. Rəqib evdə, azarkeşlərinin önündə çox güclü çıxış edir. Yenə də “Qarabağ”dan nəticə gözləməyə dəyər. Komanda bura kimi gəlibsə, artıq itirəcəyi heç nəyi yoxdur”.

Bu sözləri İdmanxeber.az saytına “Qarabağ”ın sabiq futbolçusu Əfran İsmayılov Ağdam klubunun Avropa Liqası 1/8 final mərhələsində qarşılaşacağı “Bayer” görüşü barədə danışarkən deyib. O, Almaniya komandasının əsas diqqətini Bundesliqaya yönəldəcəyi fikirlərinə belə münasibət bildirir:

“Kim belə düşünürsə, doğru deyil. “Bayer”in Almaniya çempionatı və avrokuboklar üçün kifayət qədər səviyyəli heyəti var. Hər iki turnirə də ciddi yanaşırlar. “Qarabağ” isə qətiyyən rəqibindən çəkinməməlidir. Sərbəst şəkildə oyununu göstərməlidir. Komanda Azərbaycan futbolu üçün böyük işlər görüb. Bundan sonra da nəticələr qazanmağa davam edəcək. 

Hamımız bilirik ki, təmsilçimiz hücum futbolu oynayır. Komanda açıq oynamağı sevir. İki dəfə “Bayer”lə qarşılaşdığımız üçün Qurban Qurbanov bu səfər necə oynayacağımızı yaxşı bilir. Rəqibi dəqiq analiz edib, keyfiyyətli futbol ortaya qoymalıyıq. “Bayer”lə açıq oynamaq lazım deyil. Çünki onlar boşluqlardan yaxşı istifadə edirlər. Əsas odur ki, meydanda rahat olaq. “Bayeri” gözümüzdə elə böyütmüşük ki, sanki başqa dünyadandılar. Düzdür, bu mövsüm əla oynayırlar. Amma futbolda şans həmişə var”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43