24 Sentyabr 2024
Ölkə futbolu

“Bayer”lə oyunda nəticə olmasa da, hamı “Qarabağ”ı başa düşməlidir”

“Qarabağ”ı çox çətin oyun gözləyir. İlk görüşdə də bunun şahidi olduq. “Bayer” klubu çox yaxşı formadadır. Almaniya futbolu ilə Azərbaycanı müqayisə etmək olmaz. Ancaq “Qarabağ” səfərdə rəqibindən qorxmadığını göstərdi. Nə dərəcə alınıb-alınmadığı ayrı məsələdir. Bakıdakı matç isə başqa cür olacaq”.

Bu sözləri İdmanxeber.az saytına bir dönəm “Qarabağ”da forma geyinmiş Vaqif Cavadov bu gün Avropa Liqası qrup mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək “Bayer” görüşü barədə danışarkən deyib. Millimizin sabiq üzvü daha sonra belə davam edib:

“Azarkeşlər önündə təmsilçimizin yaxşı oyun və nəticə göstərəcəyinə inanıram. Olmasa belə hamı “Qarabağ”ı başa düşməlidir. Bu gün Bundesliqa klubu bizdən çox üstündür. İstənilən halda təmsilçimiz oyundan öncə heç vaxt təslim olmur. Bu da böyük amildir. Bizi bu gün yaxşı ab-havada əla oyun gözləyir.

Qrupda yaxşı start götürsək də, “Bayer”lə oyunların nəticəsi işimizi çətinləşdirə bilər. Ancaq ümumən hələ heç nə bitməyib. Əsas qarşıdakı matçların nəticəsidir. Bu gün bütün ölkə “Qarabağ”a azarkeşlik edəcək. Alınacaq bir xal belə yaxşı nəticədir.

Səfərdəki matçı xatırlayın. “Qarabağ” hücum futbolu oynadı. Qorxmadan, vaxt aparmadan rəqibinin üzərinə getdi. Hesabdan fərqli olaraq öz oyununu göstərməyə çalışdı. Qurban Qurbanov yüz faiz ilk oyundakı səhvlərin üzərində çalışıb, bunları komandasına göstərib. Bakıdakı matçda fərqli “Qarabağ” görə bilərik”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43