08 Dekabr 2022
Müsahibə

“Belə qeyri-adi qollar vurmağı xoşlayıram” – Ülvi İsgəndərov

“Qəbələ”nin futbolçusu Ülvi İsgəndərov “Zirə” ilə oyundan (1:0) sonra İdmanxeber.az-a müsahibəsi

– “Zirə”yə möhtəşəm qol vurdun və qələbə qazandınız.

– Çox sağ olun. Oyunun gedişində hiss etmişdim ki, o qolu vuracam. Çünki qapıçının irəli çıxdığını görürdüm. Həmin epizodda zərbə vurmaq qərarına gəldim. Çox şükür, qol oldu.

– Karyeranda ilk belə qoludur?

– Bəli.

– Baş məşqçiniz Elmar Baxşıyev oyunsonrası mətbuat konfransında dedi ki, Ülvidən belə qeyri-adi qollar gözləməyə dəyər…

– Məşqlərdə özüm üçün topu qoyub bu cür zərbələr vururam. Düzdür, belə qeyri-adi qollar vurmağı xoşlayıram. O da bu gün alındı.

– Oyundan sonra baş məşqçi, klub prezidentindən xüsusi təbrik aldın?

– Bəli. Hər kəsdən, baş məşqçidən, komanda yoldaşlarımdan xüsusi təbriklər oldu. Bu, mənə çox xoşdur.

– Qollar vursan da, oyunlara start heyətdə başlamırsan. Səncə, bu, nə ilə əlaqədardır?

– Məşqçilərin verdiyi qərardır. Buna hörmət edirəm.

– Özünü 90 dəqiqə oynamağa hazır hesab edirsən?

– Hər bir futbolçu bunu istəyər. Daim oynadıqca inkişaf edirsən. Mən də bunu istəyərəm.

– Təcrübə göstərir ki, əvəzetmədən daxil olanda komandaya daha çox fayda verirsən. Özünü də psixoloji olaraq buna kökləmisən?

– Xeyr. O baxımdan düşünmürəm. Sadəcə, hər dəfə meydana qol vurmaq istəyi ilə çıxıram. Ona görə də bu, məndə yaxşı alınır.

– Qarşıdan “Neftçi” və “Sumqayıt”la səfər oyunlarınız gəlir…

– Hər matça ciddi hazırlaşırıq. Bu oyunlardan da xallar götürmək istəyirik.

– Azarkeşsiz oynamaq oyununuza nə dərəcədə təsir etdi?

– Çox təsir etdi. Belədə, oyun sönük keçir. Azarkeşlər futbolçuya əlavə motivasiya verir. Azarkeşsiz oynamaq çox çətindir, səs-küy də az olur.

– Rəqib qapısı qarşısında qol vəziyyəti yaratmaqda çətinlik çəkirdiz…

– Deyərdim ki, kifayət qədər şansımız oldu. Sadəcə, bunlardan yaxşı istifadə edə bilmədik. Rəqiblə müqayisədə daha çox qol imkanımız oldu.

– 4 oyunluq qələbəsizlik seriyası var idi. Bu, inamsızlıq yaratmamışdı?

– Xeyr. Həmişə meydana qələbə üçün çıxırıq. İnanırdıq ki, bu, bizdə yaxşı alınır. Ancaq istər-istəməz qollar vurmayanda, şanslardan yararlana bilməyəndə, qələbə olmayanda komandada sıxıntılar yaranır. Bütün komandalarda belə şeylər olur.

– Bu qol, qələbə ilə həmin sıxıntıları geridə qoyduğunuzu düşünmək olar?

– İnşallah, belə olar.

– Keçən yay ölkə xaricindən təkliflərinin olduğunu təsdiqləmişdin. Yenə belə variantlar var?

– Hələ ki, danışıqlar apardığım klub yoxdur. Yayda təkliflər olmuşdu. Amma danışıqlar bitdi.

– Təkliflər hansı ölkələrdən idi?

– Kipr, Türkiyə, Yunanıstandan təkliflər olmuşdu.

Müqavilə başa çatdıqdan sonra xaricə yollanmaq fikrin var?

– Bütün futbolçular kimi mən də legioner həyatı yaşamaq istəyərəm.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Rəşad Sadıqov: “Bu epizod 2-3 gün yadımdan çıxmayacaq” – MÜSAHİBƏ

admin

Səbuhi Məmmədov “İlin yekunu”nda: “Sxadadzeyə sual vermişdilər ki, “gedirsinizmi?” – MÜSAHİBƏ

admin

“Bu, peşəkar futbolçuya yaraşan hərəkət deyil” – Maksim Medvedev

admin