“Fasilədə Adil Şükürovun rəhbərliyi altında yaxşı məşqlər keçirdik. Adil müəllim öz oyun fəlsəfəsini bizə aşılamağa çalışır. Maksimum onun dediklərini icra etməyə çalışacağıq. Qarşıdakı oyunlarda daha yaxşı komanda görəcəksiniz”.
Bu sözləri İdmanxeber.az saytına “Kəpəz”in futbolçusu Vurğun Hüseynov deyib. O, daha sonra belə davam edib:
“Artıq qalib gəlməli, xal və ya xallar qazanmalıyıq. Hazırda turnir cədvəlindəki mövqeyimiz o qədər də ürək açan deyil. “Kəpəz”in bu durumda olmasına səbəb içi mən qarışıq futbolçulardı. Bu vəziyyəti mütləq dəyişməli və növbəti oyunlarda xallar qazanmalıyıq”.
Millimizin sabiq futbolçusu yığma komandamızın AVRO-2024 seçmə mərhələsi çərçivəsində keçirdiyi İsveç və Belçika görüşlərinə də toxunub:
“İsveçi Bakıda məğlub edəndə hamımız sevindik. Komandanın iddiasının olub-olmamasının məsələyə dəxli yoxdur. İsveçə qarşı belə çıxış etmək yetərincə uğurdur. Həmin gün millimiz yaxşı oynadı və qələbə qazandı. Bu oyunun ardından daha güclü komanda ilə qarşılaşdıq. Açığı, heç kim bizim Belçikanı məğlub edəcəyimizi gözləmirdi. Üstəlik rəqib qalib gələcəyi təqdirdə qrup birincisi olacaqdı.
Hamımız yığmadan yaxşı mübarizə aparmasını istəyirdik. Qırmızı vərəqə almağımız işi çətinləşdirdi. Və millinin böyük hesablı məğlub olmasına səbəb oldu. Belçikaya qarşı 10 nəfərlə mübarizə aparmaq mümkün deyil. Belə fərqli məğlubiyyət varsa, cavabdeh baş məşqçi və futbolçulardır. Canni De Byazi barəsində nəsə demək istəmirəm. Çünki onun haqda qərar verənlər nə lazımdı edəcək”.
Həsən Quluzadə