Milli komanda

Berti Foqts: “Azərbaycanda əsas problem odu ki…”

“Qazandığı çətin qələbəyə görə İtaliya millisini təbrik etmək istəyirəm. Müdafiədə iki kobud səhvə yol verdik. Hava toplarındakı səhvlər qapımızdan 2 top buraxmağımıza səbəb oldu. Gənc komandamız üçün belə çıxış yaxşı idi”. 

İdmanxeber.com apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts deyib.

Milimiz az öncə 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində ikinci oyununu keçirdi. Palermoda İtaliya yığmasına 1:2 hesabı ilə uduzan komandamızın almaniyalı çalışdırıcısı oyundan sonra təşkil olunan mətbuat konfransında məğlubiyyətə belə şərh verib: “Son 20 dəqiqədə futbolçularımızda hücumameyilli oynamaq üçün güc qalmamışdı. Belə səhvlərdən dərs çıxarmalıyıq. Standard vəziyyətlərdə belə səhvlərə yol verməməliyik”.

– Azərbaycan millisini çalışdırdığınız vaxtdan bəri hansı nəticələriniz olub?

– 2008-ci ildə İtaliyaya qarşı oynasaydıq, hesab 0:5 ola bilərdi. İndi isə bundan öyrənməyə çalışırıq və nəticələrimiz yaxşılaşıb. Taktiki və fiziki baxımdan daha çox işləməliyik. Amma bu daha çox klub məşqçilərinin işidi. Bu gün meydanda cəmi 28 yaşdan yuxarı 3 futbolçu vardı.Əksəriyyəti 1990-cı illərdən sonra doğulmuş futbolçular idi.

– Həmkarınız Antonio Konte futbolçularının aqressiv oynadığını düşünür…

– Hansısa oyunçunun məşqçinin fikrini cəlb etməsi vacib deyil. Əsas məsələ həmin oyunçunun yaxşı çıxış etməsidi. Konte gələndən İtaliya millisi daha aqressiv və sürətli çıxış edir.

– Azərbaycanda futbolun vəziyyəti hazırda nə yerdədi?

– Azərbaycanda əsas problem odu ki, uşaqlar futbola gec gəlir. Avropa ilə müqayisədə Azərbaycanda futbola 14 yaşında gəlirlər. Avropada isə bu, 6 yaşdan başlayır. Hazırda irəliləyişlər var. Ümid edirəm ki, AVRO-2020-də bizim gənclər də iştirak edə biləcəklər. Futbolu sevmək və yaşamaq lazımdı. AFFA tərəfindən artıq uşaqlar üçün futbol meydançaları salınıb.

– Rahid Əmirquliyevin Zazaya qarşı oyunu sizə görə təhlükəli deyildi?

– Rahidin işi Zazaya qarşı fərdi oynamaq deyildi. O, Çiro İmmobile və başqalarına qarşı da çıxış edirdi. Ona icazə vermişəm ki, boş mövqelər olan zaman hücuma da getsin.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43