“Həm Stavropoldo, həm Kalininqradda, həm də Həştərxanda olmuşam. Amma Voronej tam fərqli şəhərdir. Ora gələn digər legionerlər belə, həmin şəhər haqqında maraqlı fikirlər bildiriblər”.
İdmanxeber.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbolçu vaxtı çıxış etdiyi Rusiyanın “Fakel” klubu barədə “CBC Sport”a açıqlamasında deyib.
Voronej təmsilçisinin sabiq mətbuat katibi Vladislav Semyonovun onunla bağlı fikirlərinə münasibət bildirən 50 yaşlı mütəxəssis zədəli halda 10-cu mərtəbəyə pilləkənlə qalxdığını təsdiqləyib: “Həmin hadisə Semyonovun müsahibəsini oxuduqdan sonra yadıma düşdü. Günorta saatları idi. Dedilər ki, liftdə problem var, işıqlar sönüb. Bu səbəbdən 10 mərtəbəni əsalarla qalxmışdım. Belə zədələrə qarşı dözümlüyəm. Həm də azərbaycanlı kimi özümü göstərmək istəyirdim ki, biz belə xarakterliyik (gülür). Gənc yaşlarında insanda belə hallar çox olur”.
Qurbanov həmin ayağının sınmasını anasından da gizlətdiyini söyləyib: “Həmin hadisədən bir neçə gün sonra Bakıya qayıtdım. Bakıdan isə Zaqatalaya gəldim. Anamın da xəbəri yox idi. Ona bildirməmək üçün maşından düşəndə əsaları götürmədim və normal yeriyərək anamla görüşdüm. Evə kimi əsasız getdim. Sonradan qardaşım Musa olanları danışdı. Dedi ki, hər şey qaydasındadır, sadəcə, ehtiyat baxımından əsa ilə gəzirəm”.
Təcrübəli mütəxəssis hazırda “Fakel”dən sabiq komanda yoldaşları ilə əlaqəsinin olmadığını vurğulayıb: “Bir neçə futbolçu ilə danışırdıq. Sonradan əlaqə kəsildi. Amma onların bir neçəsi ilə Avstriya və Türkiyədəki təlim-məşq toplanışlarında görüşdük, keçmiş günləri yada saldıq. Onları görəndə hər zaman şad oluram”.
Qeyd edək ki, Qurban Qurbanov 1999 – 2001-ci illərdə, həmçinin 2002-ci ildə “Fakel”də çıxış edib.
report