Ölkəmizi Avropa Liqasında təmsil edəcək “İnter”in futbolçusu Asif Məmmədovun idmanxeber.com saytına müsahibəsi.
– Asif, toplanış necə keçir?
Hazırlıq yaxşı keçir. Hər şey qaydasındadı. Zədəli futbolçumuz da yoxdu.
– Yoxlama matçında Avstriyanın aşağı liqa klubu ilə qarşılaşdınız və rəqibi darmadağın etdiz. Bu cür zəif komandalarla oyun Avroliqada çıxış edəcək “İnter”ə nə qazandıracaq?
Bilirsiz necədi… Komanda hələ təzə yığışıb. Bu planlaşdırılmış oyun idi. On görə ki, birinci oyunlar da həmişə ilk rəqiblər zəif seçilir. Bu dünyanın bir çox yerində belədi. Həm də komandaya yeni oyunçular gəlib. Yeni yığışdığımızı nəzərə alsaq birdən birə güclü komandayla qarşılaşmağımız düzgün olmaz.
– Komandaya yeni gələn oyunçular necə, özlərini yaxşı tərəfdən göstərə bilirlərmi?
Mənim onlar haqqında hər hansı fikir deməm düzgün olmaz. Hər halda məşqçimiz məsləhət bilibsə, deməli yaxşı futbolçulardı ki, burdadılar.
– Avropa Liqasında çıxış edəcəksiz. Ancaq Vaqif Cavadov və Ruslan Əmircanov kimi futbolçular komandanı tərk etdi.
Ruslan Əmircanov da, Vaqif Cavadov da yüksək səviyyəli futbolçulardı. Futboldu, belə şeylər olur. Kimsə gedir, kimsə gəlir. İnanıram ki, yeni gələn oyunçular bu boşluğu dolduracaqlar. Ancaq deyim ki, onlar olsa daha yaxşı olardı. Neynəmək olar? Futbol həyatında belə şeylər olur.
– AFFA-nın limitlə bağlı yeni qərarı yerli futbolçuların bir çoxunun iç üzünü açdı. Sən nə əcəb klubunu dəyişmədin?
Bilirsiz necədi, mən 2008-ci ildən bu yana “İnter”in şərəfini qoruyuram. Mənə də tez-tez təkliflər oldu. Ancaq mən burada qalmağı istədim. Çünki özümü “İnter”də daha rahat hiss edirəm.
– Ancaq özünü rahat hiss etdiyin komandada Sxadadze bitən mövsümdə sənə elə də çox şans vermədi…
Mən belə deməzdim. Zədəm var idi deyə, formamdan uzaq düşdüm. Lakin sonra toparlandım və səhv etmirəmsə əvəzetmələrlə birgə 24 oyunda meydana çıxdım.
– “İnter”in Avroliqadakı potensial rəqibləri ilə tanış olmusan?
Hə.
– Hansı komandanın sizə rəqib olmasını istəyərdin?
Biz o haqda heç nə fikirləşmirik. İyunun 23-də püşk bizə hansı komandanı versə onu məğlub etməliyik ki, birinci mərhələni keçək. Çünki qarşımıza azı 3 mərhələ adlamaq məqsədi qoyulub.
– Ancaq “İnter” indiyə kimi heç vaxt iki mərhələ keçməyib.
Bəxtimiz gətirmir. Mən deməzdim ki, biz oyunda kiməsə uduzuruq. Bir dəfə penaltilərdə yenildik. Digərində isə həqiqətən bəxtsizlik imkan vermədi.
– Son olaraq, dünya çempionatında kimə azarkeşlik edirsən?
Braziliya millisinə. Uşaqlıqdan bu komandanın azarkeşiyəm.
Səxavət QURBANOV